MƏDƏNİYYƏT
Şüvəlan qəsəbə Mədəniyyət evində rəqs müsabiqəsi keçirilib
Bakı, 30 aprel, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Şüvəlan qəsəbə Mədəniyyət evi, Xəzər rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Mədəniyyət evində Beynəlxalq Rəqs Günü ilə əlaqədar Xəzər rayonu üzrə məktəblərarası müsabiqə keçirilib.
Baş İdarədən AZƏRTAC-a xəbər verilib ki, müsabiqənin münsif heyətinin tərkibində Əməkdar artist Elçin Allahverdiyev və XII Ümumdünya Rəqs Festivalının diplomantı Dilbər Abdullayeva iştirak ediblər. Qaliblər diplomlarla təltif edilib.
Qeyd edək ki, keçirilən müsabiqənin əsas məqsədi uşaq və gənclərə Azərbaycan xalq rəqslərinin tarixini, milli xüsusiyyətlərini öyrətmək və uşaqların asudə vaxtlarını səmərəli təşkil etmək, eyni zamanda, onların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək, eləcə də istedadlı gəncləri üzə çıxarmaqdan ibarətdir.