İQTİSADİYYAT
Sverdlovsk vilayətinin sahibkarları Azərbaycanda şəhərsalma fəaliyyəti və əməkdaşlıq imkanları barədə məlumatlandırılıb
Bakı, 14 sentyabr, AZƏRTAC
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Rusiyanın Sverdlovsk vilayətinin Beynəlxalq və Xarici İqtisadi Əlaqələr naziri Vasili Kozlovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Rusiya biznes nümayəndələrinin də iştirak etdiyi görüşdə ikitərəfli hökumətlərarası və işgüzar əlaqələrin yüksək səviyyədə inkişaf etdiyi vurğulanıb, yeni qarşılıqlı əməkdaşlıq layihələri üçün imkanlar ətraflı müzakirə edilib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Anar Quliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər ərzində aparılan sosial-iqtisadi islahatlar, şəhərsalma və memarlıq sahəsində dövlət siyasəti, habelə tikinti sektorunda münbit biznes mühitinin təmin edilməsi, komitə tərəfindən reallaşdırılan əsas layihələr barədə qonaqlara ətraflı məlumat verib.
Sverdlovsk vilayətinin Beynəlxalq və Xarici İqtisadi Əlaqələr naziri V.Kozlov Bakının sürətli inkişafının, aparılan geniş quruculuq işlərinin onu və həmkarlarını heyran etdiyini bildirərək paytaxtın zəngin tarixi-memarlıq irsinin qorunması, eyni zamanda, müasir şəhərsalma layihələrinin uğurla reallaşdırılması proseslərini yüksək qiymətləndirib, bu sahədə qarşılıqlı təcrübə mübadiləsi üçün daha sıx əməkdaşlığın təşkil olunmasını təklif edib.
Görüş çərçivəsində, həmçinin Sverdlovsk vilayətini təmsil edən sahibkarlar təqdimatlarla çıxış edib, iş adamlarının Azərbaycanda şəhərsalma fəaliyyəti və əməkdaşlıq imkanlarına dair sualları cavablandırılıb.