İDMAN
“Synergy Baku Cycling” komandasının velosipedçisi “Tur de Tayvan - 2013” turnirinin lideri maykasını geyinmişdir
Bakı, 18 mart (AZƏRTAC). Çoxgünlük ötüşmələr üzrə “Tur de Tayvan -2013” velosiped turniri start götürmüşdür. Turnirdə Azərbaycanın “Synergy Baku Cycling” komandası da iştirak edir.
Velosiped İdmanı Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, “Synergy Baku Cycling”in təmsilçisi Kiril Pozdnyakov çoxgünlüyün birinci mərhələsində qalib gələrək sarı rəngli lider maykasını geyinmişdir. Fəxri kürsüyə qalxan Azərbaycanın daha bir nümayəndəsi - Kristof Şvaytser turnirdə üçüncü yeri tutmuşdur.
Çoxgünlük ötüşmələr üzrə “Tur de Tayvan -2013” martın 18-dən 24-dək keçiriləcəkdir.
“Synergy Baku Cycling” komandasına Devid Klark (Böyük Britaniya), Yon Ebsen (Danimarka), Kristov Şvaytser (Almaniya), Anuar Manan (Malayziya,194) və Kiril Pozdnyakov (Rusiya) daxildir. Komandanın meneceri Devid Makkandır.