T Ə K Z İ B
Bu günlərdə “Azərnyus” adlanan jurnalın təsisçisi və redaktorunun imzası ilə Azərbaycanın bir çox yüksək vəzifəli məmurlarının və ziyalılarının ünvanına dəvətnamə daxil olmuşdur. Dəvətnamədə göstərilir ki, 2002-ci il yanvarın 15-də həmin jurnalın təqdimat mərasimi keçiriləcək və guya biz, aşağıda imza edən şəxslər onun redaksiya şurasının üzvüyük.
Əvvəla, jurnalın bəyan etdiyi “bütün yer kürəsində yaşayan azərbaycanlıları birləşdirmək niyyəti” və jurnalın təsisçisinin bizimlə razılaşmadan adımızı redaksiya heyətinə daxil etməsi bir çox qaranlıq məqamlardan xəbər verir. Bütün dünyada yaşayan azərbaycanlıları birləşdirmək səlahiyyətini jurnalın təsisçisi və redaktoruna kim vermişdir? Nəyə görə jurnal sahibi heç kimlə məsləhətləşmədən bu qədər tanınmış ziyalıları və vəzifəli şəxsləri redaksiya heyətinə daxil etmişdir? Bütün bunlar göstərir ki, jurnal və onu yaradanlar ayrı-ayrı yüksək vəzifəli və adlı-sanlı ziyalıların adından və mövqeyindən sui-istifadə edərək, eyni zamanda dünya azərbaycanlılarını birləşdirmək kimi ümumilli bir missiyanı saxta yolla mənimsəyərək, əslində, özlərinin şəxsi niyyətləri və hansısa naməlum əməlləri üçün istifadə etmək istəyirlər.
Hamıya məlumdur ki, dünya azərbaycanlılarının azərbaycançılıq ideyası və Azərbaycan dövlətçiliyi ətrafında birləşdirilməsi işi Azərbaycanda dövlət siyasəti səviyyəsində həyata keçirilir. Bu məqsədlə, 1993-cü ildən Azərbaycan Prezidenti cənab Heydər Əliyevin rəhbərliyi ilə ardıcıl və məqsədyönlü iş aparılır. Dünya azərbaycanlılarının 2001-ci il noyabrın 9-10-da Bakı şəhərində keçirilən I qurultayı bu sahədə çox mühüm tarixi hadisə olmuşdur. Qurultaya dünyanın 37 ölkəsindən 500-dən artıq nümayəndə qatılmış və dünya azərbaycanlılarının bütün sahələr üzrə ümumi problemləri müzakirə edilmişdir. Qurultayın yekunu kimi Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurası yaradılmış, orada bütün dünya azərbaycanlılarının nümayəndələri təmsil olunmuşdur. Bu Şuranın xəbəri olmadan və onunla məsləhətləşmədən hansısa şəxsi iddialar üçün dünya azərbaycanlılarının birləşdirilməsi missiyasını guya öz üzərinə götürən yalançı jurnalın və onun təsisçisinin bu hərəkətini pisləyir və belə bir jurnalın fəaliyyətində hər hansı şəkildə iştirakdan imtina edirik.
Abbasov Abbas, Aslanov Aslan,
Camalova Dilruba, Həsənova Südabə,
Əliyev Məmməd, Məmmədov Fikrət,
Məmmədquliyev Mahmud, Məhərrəmov
Abel, Mərdanov Misir, Orucov Hidayət,
Rizayev Ramiz, Xanlarova Zeynəb