DÜNYA
“T-Mobile” şirkəti abonentlərin məlumatlarının sızmasına görə 350 milyon dollar ödəməyə razılaşıb
Vaşinqton, 25 iyul, AZƏRTAC
“T-Mobile” şirkəti məlumatların sızmasından zərər çəkmiş abonentlərin kollektiv məhkəmə iddiası çərçivəsində onlara 350 milyon dollar ödəməyə razılaşıb.
AZƏRTAC xəbər verir ki, şirkətin keçən il avqust ayında dərc etdiyi məlumata görə, abonentlərin şəxsi məlumatları, o cümlədən sosial sığorta nömrələri kiberhücum nəticəsində oğurlanıb. ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasına cümə günü təqdim edilmiş ərizədə mobil rabitə operatoru bildirib ki, bu vəsait iddialarla bağlı xərclərə, iddiaçılara vəkil xidmətlərinin ödənilməsinə və iddianın idarə edilməsi ilə bağlı xərclərə sərf ediləcək. Şirkət daha sonra bəyan edib ki, gələn il öz məlumat bazasının təhlükəsizliyinin möhkəmləndirilməsi üçün 150 milyon dollar xərcləyəcək.
“T-Mobile” şirkətinin nümayəndələri bildiriblər ki, sazişdə məsuliyyətin və hüquq pozuntusunun etiraf edilməsi barədə məlumat yoxdur.
Sistemə kiberhücum nəticəsində ABŞ-ın təqribən 80 milyon sakini zərər çəkib. Hakerlər abonentlərin sosial sığorta nömrələrindən başqa onların adlarını, həmçinin sürücülük vəsiqələrində və şəxsiyyəti təsdiq edən başqa sənədlərdə göstərilən məlumatı əldə ediblər.
Vaşinqton ştatının Belvyü şəhərində yerləşən “T-Mobile” şirkəti 2020-ci ildə öz rəqibi olan “Sprint” şirkətini aldıqdan sonra “AT&T” və “Verizon” ilə yanaşı ölkədə ən iri mobil rabitə operatorlarından birinə çevrilib. “T-Mobile” şirkətinin ABŞ-dakı abonentlərinin ümumi sayı 102,1 milyona bərabərdir.
AZƏRTAC-ın Vaşinqton bürosu