DÜNYA
Tacikistan Prezidentinin ABŞ dövlət katibinin Mərkəzi və Cənubi Asiya ölkələri üzrə köməkçisi ilə görüşündə əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunmuşdur
Düşənbə, 22 fevral (AZƏRTAC). Tacikistan Prezidenti mətbuat xidmətinin verdiyi məlumata görə, dövlət başçısı Emaməli Raxmon bu ölkədə səfərdə olan Amerika Birləşmiş Ştatları dövlət katibinin Mərkəzi və Cənubi Asiya ölkələri üzrə köməkçisi Robert Bleyk ilə görüşmüşdür.
Görüşdə ölkələr arasında əlaqələrin genişləndirilməsi, regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsi, Əfqanıstanda dinc həyatın bərpa olunması və bu ölkənin sosial-iqtisadi inkişafının dirçəldilməsi məsələləri müzakirə olunmuşdur.
Danışıqlarda ticarət-iqtisadi və investisiya layihələrinin həyata keçirilməsi məsələləri də diqqət mərkəzində olmuşdur.
Robert Bleyk Tacikistanın Dünya Ticarət Təşkilatına qəbul edilməsi ilə əlaqədar dövlət başçısını təbrik etmiş, bu amilin ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayacağını bildirmişdir.
Görüşdə deyilmişdir ki, ABŞ Tacikistana terrorizm, ekstremizm, narkotiklərin qeyri-qanuni dövriyyəsi ilə mübarizə, Əfqanıstan ilə dövlət sərhədlərinin möhkəmləndirilməsi, sərhəd xidmətinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində dəstəyi bundan sonra da davam etdirmək niyyətindədir.
Səfər çərçivəsində ABŞ-Tacikistan siyasi məsləhətləşmələri də keçirilmişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə