DÜNYA
Tadamori Oşima Yaponiya parlamentinin aşağı palatasının sədri seçilib
Tokio, 21 aprel, AZƏRTAC
Aprelin 21-də Yaponiya parlamentinin nümayəndələr palatası sabiq sədr Nobutaka Maçimuranın istefasını qəbul edərək, aşağı palatanın büdcə komitəsinin sədri Tadamori Oşimanı yeni sədr seçib.
N.Maçimura aşağı palatanın sədri vəzifəsində cəmi 119 gün çalışaraq, bu vəzifədən ən qısa müddətdə istefa vermiş ilk siyasətçidir.
Hakim Liberal Demokratik Partiyanın (LDP) nümayəndəsi olan T.Oşima uzun müddət parlamentin aşağı palatasının büdcə komitəsinə rəhbərlik edib və onun nümayəndələr palatasına sədr seçilməsi milli təhlükəsizliklə bağlı mayın ortalarında gözlənilən debatların qızışacağı ərəfədə partiyanın mövqelərinin möhkəmlənməsinə xidmət edir.
68 yaşlı T.Oşimanın seçkilər zamanı rayonlar arasında mövcud olan disproporsiyanın aradan qaldırılması üçün seçki islahatları ilə bağlı redaksiya komitəsinin işinə nəzarət edəcəyi bildirilir.
Aomori prefekturasında anadan olan T.Oşima ilk dəfə 1989-cu ildə aşağı palataya daxil olub və indiyədək 10 dəfə onun üzvü seçilib. T.Oşima LDP-də mühüm mövqeyə malikdir və sədr müavini, baş katib və digər mühüm vəzifələrdə çalışıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio