İDMAN
Taekvondo üzrə Azərbaycanın millisi Nancinq Olimpiadasında dörd idmançı ilə təmsil olunacaq
Bakı, 13 avqust (AZƏRTAC). Xəbər verdiyimiz kimi, Azərbaycan nümayəndə heyəti Nancinq şəhərində yeniyetmələrin ikinci Yay Olimpiya Oyunlarında iştirak etmək üçün Çinə yola düşüb.
Taekvondo üzrə milli komandamız Nancinq Olimpiadasında dörd idmançı ilə təmsil olunacaq. Taekvondo üzrə yarışlar avqustun 17-də başlayacaq.
Azərbaycan Taekvondo Federasiyasından (ATF) AZƏRTAC-a bildiriblər ki, komandamız bu mötəbər yarışda medal uğrunda mübarizəyə Əməkdar Məşqçi Mamed Abdullayev və böyük məşqçi Zahid Məmmədovun rəhbərliyi ilə mübarizə aparacaq.
Mübarizəyə qoşulacaq idmançılarımızdan Safiyə Polat (49 kq), Çeren Özbək (44 kq), Gülhanım Yeşildal (55 kq) və Səid Quliyev (73 kq) Olimpiya Oyunlarına lisenziyanı martda Tayvanda keçirilən təsnifat turnirində təmin ediblər.
Olimpiadada ölkəmizi nümayəndə heyətinin tərkibində ATF-nin vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayev də təmsil edəcək.