Tailandda karantin rejimi sərtləşdirilib
Pekin, 9 iyul, AZƏRTAC
Tailandda COVID-19 virusunun yayılmasını nəzarət altına almaq üçün karantin rejimi sərtləşdirilib.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, bu barədə qərar Baş nazir Prayut Çan-o-çanın göstərişi ilə operativ qərargahın iyulun 9-da keçirilmiş təcili iclasında qəbul olunub. Belə bir qərarın qəbul olunmasına əsas səbəb ölkədə virusa, xüsusən də “delta” ştamına gündəlik yoluxmaların davamlı artması olub.
Qərara əsasən ölkənin müxtəlif bölgələri epidemik vəziyyətdən asılı olaraq 4 zonaya - “tünd qırmızı”, “qırmızı”, “çəhrayı” və “sarı” zonalara bölünüb. Paytaxt Banqkokun da daxil olduğu “Tünd qırmızı” zonada səhər saat 9:00-dan 16:00-dək “evdə qal” rejimi tətbiq olunacaq. Bundan başqa, market və gündəlik tələbat malları mağazaları saat 8-dən 15:00-dək bağlı olacaq, həmin müddətdə ictimai nəqliyyatın hərəkəti dayandırılacaq, 5 nəfərdən çox adamın toplaşması, ticarət mərkəzlərinin, gözəllik salonlarının fəaliyyəti, şəhərlərarası səyahətlər məhdudlaşdırılacaq. Bunun üçün “tünd qırmızı” zonaya aid olan yaşayış məntəqələrində giriş-çıxışa nəzarət etmək üçün polis postları quraşdırılacaq.
Dövlət qurumlarına və özəl müəssisələrə tövsiyə olunub ki, əməkdaşların əksəriyyəti evdən işləsin.
Digər zonalarda isə nisbətən yüngül karantin tədbirləri tətbiq olunacaq. Artıq bir neçə yaşayış məntəqəsində 14 günlük qapanma elan olunub.
Qeyd edək ki, Tailandda aprelin əvvəlindən etibarən sutkalıq yoluxma sayı davamlı çoxalır. Ötən sutka COVID-19 infeksiyasına 9 min 276 yoluxma aşkarlanıb, virus səbəbindən 72 ölüm qeydə alınıb. Virusun “delta” ştamı ölkədə sürətlə yayılır. Operativ qərargah yaxın günlərdə sutkalıq yoluxma sayının 10 mini ötəcəyini proqnozlaşdırıb. Hökumət bu səbəbdən mobil xəstəxanaların və müvəqqəti karantin mərkəzlərinin inşasına başlayıb. Təkcə paytaxtda 20 müvəqqəti özünütəcrid mərkəzi fəaliyyət göstərəcək.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin