DÜNYA
Tallində mart deportasiyası qurbanlarının xatirəsi ehtiramla yad edilmişdir
Tallinn, 26 mart (AZƏRTAC). Martın 25-də Estoniyada 1949-cu il mart deportasiyasının 65-ci ildönümünə həsr edilmiş çoxsaylı rəsmi matəm tədbirləri keçirilmişdir.
Mart deportasiyasının ildönümü ilə əlaqədar Tallindəki Vabaduze meydanında, həmçinin Tartuda şamlar yandırılmışdır. Bu anım günündə şamlar yandırmaq ənənəsi 2010-cu ildə yaranmışdır. Həmin il martın 25-də Pyarnu və Vilyandidə də müvafiq aksiyalar keçirilmişdir.
Mart deportasiyasının ildönümü ilə əlaqədar, başqa yerlərdə - Kanadada və Vaşinqtondakı Estoniya evində də şamlar yandırılmışdır.
1949-cu ilin martında SSRİ hökuməti tərəfindən həyata keçirilmiş deportasiya zamanı Estoniya, Latviya və Litvanın mülki əhalisinin bir hissəsi (94 min 779 nəfər) zorla Sibirə və Uzaq Şimal rayonlarına köçürülmüşdü.
Estoniya Prezidenti Toomas Hendrik İlves bu deportasiyanı “Estoniya xalqının soyqırımı” adlandırmışdır.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn