İQTİSADİYYAT
TANAP: Kompressor və ölçmə stansiyalarının tikintisi sərt qışa baxmayaraq davam etdirilir
Bakı, 25 yanvar, Nihad Budaqov, AZƏRTAC
Azərbaycan təbii qazının Türkiyəyə və qardaş ölkədən də Avropaya nəqlini nəzərdə tutan Trans-Anadolu qaz boru kəmərinin (TANAP) inşası çərçivəsində kompressor və ölçmə stansiyalarının tikintisi sərt qışa baxmayaraq davam etdirilir.
Bunu AZƏRTAC-a eksklüziv müsahibəsində TANAP-ın baş direktoru Saltuk Düzyol deyib.
“Hazırda Faza-0 (yəni 2018-ci ilin iyununda Türkiyəyə ilk təbii qazın verilməsi üçün görüləcək işlər) və Faza-1 (2019-ci ilin sonunda Avropaya təbii qazın verilməsi üçün tamamlanması nəzərdə tutulan işlər) çərçivəsində ölçmə (MS1, MS2, MS3 və MS4) və kompressor stansiyalarının (CS1 və CS5) tikintisi aparılır. Faza-0 çərçivəsində TANAP tərəfindən tədarük edilərək podratçı şirkətə veriləcək əlavə xərc tələb etməyən materialların mühüm bir hissəsi, Türkiyəyə təbii qazın verilməsi üçün istifadə ediləcək kompressor stansiyasının əsas avadanlığı olan “SOLAR” markalı turbin və kompressor üçün avadanlıqlar artıq tikinti meydançasına gətirilib. Bundan başqa, Faza-0 çərçivəsində podratçı şirkət tərəfindən tədarük ediləcək boru avadanlıqları və polad konstruksiya materiallarının sifarişləri tamamlanıb. Artıq həmin polad konstruksiya materiallarının zavodda hazırlanmasına başlanılıb. İstehsalı başa çatan polad konstruksiyanın meydançada montajı aparılır”, - deyə TANAP-ın baş direktoru qeyd edib.
Xatırladaq ki, ötən il fevralın 17-də TANAP üzrə kompressor və ölçmə stansiyalarının tikintisi üçün “TEKFEN İnşaat və Tesisat A.Ş.” şirkəti ilə müqavilə imzalanıb.
Qeyd edək ki, Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP “Cənub” qaz dəhlizinin tərkib hissəsi olan digər layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın Əskişəhərə qədər olan hissəsinin 2018-ci ilin ortasında istismara verilməsi nəzərdə tutulur. Boru kəmərinə tələb olunan kapital xərcləri 8,5 milyard ABŞ dollarıdır. Layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 2020-ci ilədək ümumilikdə 6,2 milyard dollar olacağı nəzərdə tutulur. TANAP layihəsi üzrə işlərin 60 faizi tamamlanıb. Boru kəmərinin quru hissəsinin inşası çərçivəsində 4 lot üzrə indiyədək 1574 kilometr uzunluğunda xəndək qazılıb. Boru kəmərinin 56 düym diametrli və ümumilikdə 1334 kilometr uzunluğundakı ilk üç lotu üzrə xəndəyin qazılması artıq yekunlaşıb. Bu vaxtadək TANAP-ın 4 lotu üzrə 1430 kilometr borular marşrut xətti boyunca düzülüb. Əsas xətt üzrə isə 1350 kilometr uzunluğunda boruların qaynağı tamamlanıb.
Boru kəmərinin Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1334 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 450 kilometrdir. Bundan başqa, TANAP 2x36 düym diametrli 18 kilometr uzunluğunda sualtı hissədən də ibarətdir. TANAP-ın tikintisi üzrə ilk mərhələ sona çatdırılıb və hazırda ikinci mərhələ üzrə işlər davam etdirilir. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.
TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub Qaz Dəhlizi” QSC - 58 faiz, “Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz.