CƏMİYYƏT
Tanınmış idmançı Elçin Əsədov haqqında filmin təqdimatı olub
Bakı, 29 avqust, AZƏRTAC
Avqustun 29-da Bakı Gənclər Mərkəzində “Uğurlar - Elçin Əsədov” filminin təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində çıxış edən gənclər və idman naziri Fərid Qayıbov tanınmış Azərbaycan velosipedçisi Elçin Əsədovun idman sahəsində qazandığı nailiyyətlərdən söz açıb. O, ölkəmizi dünya səviyyəsində tanıtdıran bu cür idmançılar barədə filmlərin sayının çox olmasını, eyni zamanda idmançılara sağlam rəqabət arzulayıb.
F.Qayıbov, həmçinin qeyd edib ki, ölkəmizdə idmana dövlət səviyyəsində daim qayğı göstərilir: “Məhz bunun nəticəsidir ki, idmançılarımız beynəlxalq yarışlarda yüksək nəticələrə imza atırlar”.
Nazir sonda Azərbaycan bayrağını yüksəklərə qaldıran belə idmançıların uğurlarının ekranlaşdırılmasını və onlara həsr olunan müsabiqələrin elan edilməsini arzulayıb.