MƏDƏNİYYƏT
Tanınmış jurnalist və ictimai xadim Vitali İqnatenkonun “Mənimlə və mənsiz” kitabı çap edilib
Moskva, 4 noyabr, AZƏRTAC
Tanınmış Rusiya jurnalisti və ictimai xadimi Vitali İqnatenkonun “Mənimlə və mənsiz” memuarlar kitabı Moskvanın “AST” nəşriyyatında çap edilib.
V.İqnatenko SSRİ prezidentinin mətbuat xidmətinin rəhbəri, Rusiya hökuməti sədrinin müavini, 1991-2012-ci illərdə TASS informasiya agentliyinin baş direktoru vəzifələrində çalışıb, dünya miqyaslı siyasi hadisələrin şahidi olub.
Kitabda müəllifin tanınmış siyasi xadimlər, qələmdaşları, dostları haqqında xatirələri yer alıb. Müəllif ön sözdə yazır: “Bu görkəmli insanları bir şey birləşdirir - onlar əsrlərin qovuşuğunda özləri dəyişmədən dünyanı dəyişməyə çalışırdılar”.
V.İqnatenko 2011-ci ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə “Dostluq” ordeninə layiq görülüb.
Kitabın təqdimatı noyabrın 11-də TASS agentliyində keçiriləcək.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva