MƏDƏNİYYƏT
Tanınmış şairənin 50 illik yubileyi qeyd edilmişdir
Bakı, 4 iyun (AZƏRTAC). İyunun 4-də Azərbaycan Yazıçılar Birliyində (AYB) tanınmış şairə, Beynəlxalq Rəsul Rza mükafatı laureatı, Prezident mükafatçısı, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, “Ulduz” jurnalının poeziya şöbəsinin rəhbəri Fərqanə Mehdiyevanın 50 illik yubileyi qeyd edilmişdir.
AZƏRTAC xəbər verir ki, tanınmış tənqidçi-publisist Əsəd Cahangir Fərqanə Mehdiyevanın əsərləri, poeziyada mövqeyi haqqında geniş söhbət açmışdır.
Bildirilmişdir ki, həyatda torpaq itkisi, şəhid ağrısı, soydaşlarımızın didərginlik, qaçqınlıq taleyi ilə qarşılaşan şairənin yaradıcılığında bir nisgil, göynərti, şəxsi həyatında ata, ana itkisi, Vətən ağrısı ana xətt kimi keçir. Onun “Təndir”, “Deyirlər şirindi dünya”, “Qızları qoymayın şeir yazmağa” və digər lirik şeirlərində bir şair müdrikliyi, anaya, Vətənə, dünyaya sevgi, gələcəyimiz olan gəncliyi qorumaq hissləri diqqəti cəlb edir.
Şairlər Oqtay Rza, Musa Ələkbərli, Afaq Şıxlı, Qəşəm Nəcəfzadə və başqaları F.Mehdiyevanın gənclərə olan sevgisinin nəticəsi kimi onun yaradıcılığına gənclərin böyük sevgi və marağından danışmışlar.
Tədbirdə şairənin yeni nəşr olunmuş “Payızın yanında gözlərsən məni” kitabı da təqdim edilmiş, qiraət ustalarının ifasında kitabdakı şeirləri səsləndirilmişdir.
Sonda Fərqanə Mehdiyeva yeni şeirlərini oxumuşdur.