İQTİSADİYYAT
TAP-ın tikintisi üzrə İtaliyada müvafiq icazələrin alınması üçün işlər davam edir
Bakı, 24 sentyabr, Nihad Budaqov, AZƏRTAC
“Trans-Adriatik” (TAP) qaz boru kəmərinin inşası üçün İtaliyada müvafiq icazələrin alınması üzrə işlər davam edir.
Bu barədə AZƏRTAC-a eksklüziv açıqlamasında TAP-ın kommunikasiya rəhbəri Lisa Givert deyib. L.Givert bildirib ki, may ayından etibarən kəmərin 8 kilometrlik İtaliya hissəsində boru kəməri marşrutu boyunca arxeoloji tədqiqatlara başlanılıb. Boru kəmərinin dəniz hissəsi üçün tədqiqatlara isə iyun ayında start verilib. TAP marşrutu boyunca bitən zeytun ağaclarla bağlı fitosanitar tədbirləri (tozlanma) avqustun əvvəlində başa çatdırılıb. 2015-ci il mayın 20-də İtaliya İqtisadiyyat Nazirliyi tərəfindən verilən icazə sənədinə paralel və ona uyğun olaraq TAP-ın müvafiq icazələrinin alınması üzrə fəaliyyət davam edir.
Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazın Avropaya daşınmasını təmin edəcək TAP-ın inşasında ümumilikdə 53 mindən çox borudan istifadə olunacaq. Boru kəmərinin Yunanıstan hissəsində 32 min, Albaniya hissəsində 12 min, Adriatik dənizi hissəsində 8 min 750, İtaliya hissəsində isə 660 borudan istifadə ediləcək. Boruların ümumi çəkisi 526 min tondur. Bunun da Albaniya hissəsində 126 min tonu, Yunanıstanda 323 min tonu, dəniz hissəsində 72 min tonu, İtaliyada isə 5 min tonu istifadə olunacaq.
TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur. Boru kəmərinin uzunluğu 871 kilometr (Yunanıstan - 547 kilometr, Albaniya - 211 kilometr, Adriatik dənizi - 105 kilometr, İtaliya - 8 kilometr), diametri isə 48 düymdür (sualtı hissə - 36 düym). 2020-ci ilədək layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 1,2 milyard dollar olması gözlənilir. TAP üzrə tələb olunan kapital xərcləri 5 milyard dollardır. Boru kəmərinin 2020-ci ildə istismara verilməsi nəzərdə tutulur. Bu il Azərbaycanın TAP layihəsinə 278 milyon dollar ayırması planlaşdırılır.
TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).