İQTİSADİYYAT
Tarif Şurası: Avtobus marşrutlarında gediş haqqı məsafəyə uyğunlaşdırılıb
Tarif (qiymət) Şurasından AZƏRTAC-a bildiriblər ki, şuranın sentyabrın 5-də keçirilmiş növbəti iclasında sərnişindaşıma xidmətlərinin tarifləri dəyişdirilməyib. Nəqliyyat Nazirliyinin müraciəti əsasında şəhərətrafı və qəsəbələrarası marşrutların sxemlərinin yenilənməsi ilə əlaqədar şuranın 2013-cü il 26 aprel tarixli qərarına dəyişikliklər edilib.
Qəbul olunmuş qərara əsasən şəhərdaxili marşrutlarda gediş haqqı əvvəlki kimi 20 qəpik səviyyəsində saxlanılıb. Şəhərətrafı və qəsəbələrarası marşrutların sxemlərinin dəyişməsi ilə əlaqədar səkkiz marşrut xətti (114, 131, 146, 181, 189, 202, 203, 215) qısaldığından, on beş marşrut xətti (102, 106, 112, 126, 139, 140, 149, 164, 168, 169, 171, 182, 194, 196, 211) isə uzandığından gediş haqqı mövcud tariflər əsasında məsafəyə uyğunlaşdırılıb.