ELM VƏ TƏHSİL
Tarix İnstitutu yarımillik hesabatını təqdim edib
Bakı, 1 iyul, AZƏRTAC
AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, iclasda institutun 2022-ci ilin birinci yarısına dair hesabatı müzakirə olunub. Tədbiri institutun baş direktoru tarix elmləri doktoru, professor Kərim Şükürov açaraq bu ilin birinci yarısında institutun gördüyü işlər barədə icmal xarakterli qısa məlumat verib.
İnstitutun elmi katibi tarix üzrə fəlsəfə doktoru Ellada Bəkirova müəssisə əməkdaşlarının bu müddət ərzində gördükləri əsas işlər barədə hesabatla çıxış edib. O bildirib ki, hesabat ilinin 6 ayı ərzində institutun 12 elmi-tədqiqat şöbəsində illik plana müvafiq olaraq 2 istiqamət, 9 problem üzrə 17 mövzu tədqiqata cəlb olunub. Bunlardan böyük hissəsi yerinə yetirilib, bəziləri isə ilin sonuna qədər yekunlaşdırılacaq. İnstitut əməkdaşlarının 6 ay ərzində 13 monoqrafiyası (bunlardan ikisi xaricdə), 7 kitabı nəşr olunub, 40-dan çox məqalə (onlardan 14-ü xaricdə nüfuzlu elmi jurnallarda) çapdan çıxıb, xaricdə keçirilən 13 beynəlxalq konfransda 20-yə yaxın əməkdaş onlayn və əyani olaraq iştirak ediblər.
İclasda, həmçinin institutda keçirilmiş respublika və beynəlxalq konfranslar, sessiyalar, seminarlar və dəyirmi masalar haqqında məlumat diqqətə çatdırılıb.
Daha sonra institutda fəaliyyət göstərən Dissertasiya şurasının katibi tarix üzrə fəlsəfə doktoru, dosent İlqar Niftəliyevin ilin 6 ayı ərzində keçirilən elmi seminarlar və dissertasiya müdafiələri barədə, həmçinin institutun Təhsil şöbəsinin müdiri Bahar Qasımlının doktorant və dissertantların iyun ayı ərzində keçirilən attestasiyası barədə hesabatları dinlənilib.