ELM VƏ TƏHSİL
Tarix Muzeyi əməkdaşının kitabı rus dilində nəşr olunub
Bakı, 24 fevral, AZƏRTAC
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri dosent Səbuhi Əhmədovun “Rəssam M.Meşerskinin “Şamxor döyüşü” rəsmi-tarixi mənbə və ya saxtakarlıq vasitəsidir?” adlı kitabı rus dilində nəşr olunub.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Araşdırmalar göstərir ki, müxtəlif dövrlərə aid rəsmlərin çoxu heç də real hadisələri əks etdirmirdi. Çox vaxt rəssamlar sifarişçinin istəyini rəsm əsərlərində təsvir edirdilər.
XIX əsrdə Rusiya imperiyasında sifarişli rəsmlərdən öz “reklam” üsulu kimi geniş istifadə edənlərdən biri də general Valerian Mədətov olub.
Kitabda rəssam M.Meşerskinin “Şamxor döyüşü” rəsmində təsvir olunan hadisələr təhlil edilir. Sübut olunur ki, şəkil general V.Mədətovun “qəhrəmanlığını” tərənnüm etdiyi üçün real hadisələri əks etdirmir.
Adıçəkilən rəsm əsəri muzeyin Təsviri materiallar fondunda qorunur.