RƏSMİ XRONİKA
TARİX MUZEYİ İLƏ TANIŞLIQ
![TARİX MUZEYİ İLƏ TANIŞLIQ](/files/2008/2/1200x630/14864560505227615488_1200x630.jpg)
AZƏRTAC xəbər verir ki, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov mayın 20-də Milli Azərbaycan Tarixi Muzeyində olmuşdur.
Ali qonağa muzeyin tarixi barədə məlumat verildi. Bildirildi ki, 1920-ci ildə yaradılmış və Bakının ən gözəl memarlıq abidələrindən biri sayılan binada yerləşən muzeydə qədim dövrdən başlayaraq, Azərbaycan tarixinin bütün mərhələlərinə dair qiymətli eksponatlar toplanmışdır. 1895-1897-ci illərdə tikilmiş bina Azərbaycan milyonçusu, məşhur xeyriyyəçi hacı Zeynalabdin Tağıyevin mülkü olmuşdur. Muzeydə Zeynalabdin Tağıyevin həyat və fəaliyyətinə dair fotoşəkillər, tarixi sənədlər, ona məxsus qiymətli əşyalar da toplanmışdır.
Muzeyin müxtəlif salonlarında nümayiş olunan nadir eksponatlarla, Azərbaycanın ərazisində mövcud olmuş Albaniya, Atropatena, Şirvanşahlar, Səfəvilər dövlətləri dövrünə aid maddi-mədəniyyət nümunələri ilə tanışlıq Türkmənistan Prezidentində böyük maraq doğurdu.
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov muzeyin ikinci mərtəbəsində hacı Zeynalabdin Tağıyevin xatirə muzeyinin eksponatları, o cümlədən müxtəlif məişət əşyaları və tarixi sənədlərlə də tanış oldu.
Ali qonağa məlumat verildi ki, muzeyin binası Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə əsaslı təmir olunmuş və yeni görkəm almışdır.
Türkmənistan Prezidenti muzeyə xalça hədiyyə etdi, fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.
Ali qonağa muzeyin tarixi, onun ekspozisiyası barədə kitablar təqdim olundu.
######