ELM VƏ TƏHSİL
Tarix Muzeyində şəhid İsmayıl Qəsəbova məxsus hərbi geyimlər qorunur
Bakı, 7 iyul, AZƏRTAC
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunda şəhid İsmayıl Qəsəbova məxsus hərbi geyimlər (zeytun rəngli hərbi mərasim qış paltosu, hərbi mərasim plaşı, şalvarı, kiteli, köynəyi, kəməri, qara rəngli qalstuk ,isimlik və hərbi geyimdə fotosu) qorunur.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
İsmayıl Qəsəbov 1991-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olub. Azərbaycan Respublikası DİN Daxili Qoşunlarının baş çavuşu İ.Qəsəbov Vətən müharibəsi zamanı Murovdağ, Cəbrayıl, Füzuli, Xocavənd və Şuşanın azad edilməsi uğrunda döyüşlərdə iştirak edib. Noyabrın 7-də Şuşa uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Şəhid İsmayıl Qəsəbov “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Azərbaycan Bayrağı” ordeni, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.
2021-ci ilin may-oktyabr aylarında muzeydə keçirilmiş “Anadır arzulara hər zaman Qarabağ” adlı sərgidə İ.Qəsəbova məxsus materialların bir hissəsi nümayiş etdirilib.