ELM VƏ TƏHSİL
Tarix Muzeyinin incilərindən — qızıl insan fiquru
Bakı, 6 iyun, AZƏRTAC
Azərbaycan ərazisində aparılan arxeoloji qazıntılar nəticəsində tapılmış artefaktlar ölkəmizin qədim maddi mədəniyyətinin metalişləmə və zərgərlik sahələrinin öyrənilməsi baxımından əsas qaynaqlardan hesab olunur. Müvafiq arxeoloji tapıntıların əsas hissəsi AMEA Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verilib. Hazırda muzeyin təqribən 130 qiymətli metaldan ibarət arxeoloji kolleksiyasının böyük bir qismini zərgərlik məmulatları təşkil edir.
Muzeydən AZƏRTAC-a bildirilib ki, hər bir zərgərlik bəzəyi öz bədii xüsusiyyəti və kompozisiya tərtibatı ilə dövrünün estetik tələbi və zövq səviyyəsini ifadə edir, onun quruluşu və metalının tərkibi isə sənətkarın texnikasını, peşəkar bilik və bacarığını nümayiş etdirir.
2012-ci ildə Lerikdə təsadüfi qazıntılar nəticəsində aşkar olunmuş, eramızdan əvvəl I minilliyə aid olan qızıl insan fiquru hazırda Muzeyin Xüsusi fondunda qorunur. Fiqurun baş hissəsində səkkiz ləçəkli, gül təsvirli papaq, boynunda isə keçi var. Heykəlciyin kürək hissəsində və keçinin üzərində mixi yazıya bənzər işarələr həkk olunub. Döymə və tökmə üsulu ilə hazırlanmış fiqurun içi boşdur. Onun bir neçə fraqmenti qaynaq üsulu ilə bir-birinə bərkidilib.
Qeyd edək ki, Milli Azərbaycan Tarixi Muzeyinin inciləri sırasında olan bu eksponat haqqında isveçrəli tarixçi, professor Kristof Baumerin “Qafqaz tarixi: İmperiyaların kəsişməsində” adlı kitabında da yazılıb.