ELM VƏ TƏHSİL
Tarix və Etnologiya İnstitutunun əməkdaşı: Bu haqq savaşı Qarabağın və Zəngəzurun bu gününə və tarixinə işıq saldı
Bakı, 7 noyabr, AZƏRTAC
Azərbaycan xalqı müxtəlif dövrlərdə tənəzzül və yüksəliş dövrü yaşayıb. Tarixi təcrübə göstərir ki, hər bir xalq vaxtında doğru qərar verməyi bacaran, nəyi nə vaxt edəcəyini gözəl bilən, sərkərdəlik qabiliyyətinə malik olan uzaqgörən liderin ətrafında birləşdikdə böyük qələbəyə imza atır. Azərbaycan xalqının 1988-1994-cü illərdə Birinci Qarabağ müharibəsində istər hərb meydanında, istərsə də diplomatiyada məğlub olmasının əsas səbəbi məhz o zaman belə bir liderin olmaması idi. Zaman keçdi, buraxılmış səhvlər düzəldildi, mövcud iqtisadi resurslar Böyük Zəfər üçün hazırlıq işlərinə yönəldildi və Azərbaycan xalqı həmrəy olub öz lideri ətrafında sıx birləşdi. Məğlubiyyətdən Zəfərə cəmi 44 gün qaldı.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA-nın Tarix və Etnologiya İnstitutunun böyük elmi işçisi Ramin Əlizadə söyləyib. O bildirib ki, 2020-ci ilin sentyabrında Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq başlayan Vətən müharibəsi Ali Baş Komandanın rəhbərliyi altında Müzəffər Ordumuzun şanlı Qələbəsi ilə yekunlaşdı. Ramin Əlizadə vətən torpaqlarının 30 illik düşmən tapdağından azad edilməsi ilə sona çatan bu müharibənin Azərbaycan tarixinin şanlı səhifələrindən biri olduğunu qeyd edib.
“Azərbaycan xalqı öz haqq savaşında qalib gəldi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Vətən torpaqlarının azad edilməsi uğrunda 44 gün ərzində qətiyyətlə savaşan Azərbaycanın igid övladları öz qanları hesabına ən yeni tarixin Zəfər səhifəsini yazdılar. Bu haqq savaşı, Zəfər Qarabağın və Zəngəzurun həm bu gününə, həm də keçmişinə işıq saldı. Düşmənin işğalçı ordusunun məğlub edilməsi ilə yanaşı, uydurduğu yalanlar da puç oldu, gerçək Qarabağ salnaməsi yazdı. Əsrlər boyu qara niyyətli düşmənin ağ yalanları həqiqətin gur işığında əriyib yox oldu...
2020-ci il noyabrın 8-də Şuşanın düşmən işğalından azad edilməsi ədalətin şanlı qələbəsi günü, tariximizin Zəfər Günü oldu. Son 200 ilin tarixinə nəzər saldıqda İkinci Qarabağ müharibəsinin bütün Qafqaz regionunda ən uğurlu müharibə olduğu aydın olur. Erməni vandalizminə ən layiqli cavabı Müzəffər Azərbaycan Ordusu verdi. Məhz bu Zəfər nəticəsində Azərbaycan türkünün min illər boyu yaşadığı Qarabağ və Zəngəzur torpaqları öz gerçək sahibləri ilə qovuşdu. İşğal dövründə Azərbaycan türklərinin əzəli yurd yerləri olan şəhərlər və kəndlər düşmən tərəfindən viran qoyulub, tarixi-mədəni abidələr, flora və fauna məhv edilib. Erməni terrorçuları işğal dövründə məscidləri xarabazara çevirib və yurd yerlərimizi narkotika plantasiyalarına çeviriblər. Müzəffər Azərbaycan Ordusu cəmi 44 günlük savaşda Qarabağın və Zəngəzurun gerçək tarixini bütün dünyaya bəyan etdi. 2020-ci il noyabrın 8-də doğma Şuşa azad olundu. Azərbaycan türklərinin qürur rəmzi və mədəniyyət beşiyi olan Şuşanın azad edilməsi ilə Vətən müharibəsinin ən uğurlu sonluğu yazıldı. Qısa müddətdən sonra doğma Şuşamız dağıntılar altından sürətlə dirçəlməyə başladı. Prezident İlham Əliyevin 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa şəhəri ölkəmizin mədəniyyət paytaxtı elan edildi. Şuşada 29 illik fasilədən sonra keçirilən ənənəvi Xarıbülbül festivalı bütün dünyaya tarixi ənənəsinə və milli dəyərlərinə sadiq güclü bir xalqın zəngin mədəniyyətdən xəbər verdi”, - deyə Ramin Əlizadə fikrinə əlavə edib.
İnstitutun əməkdaşı vurğulayıb ki, bu gün Şuşa azaddır, onun aydın səması üzərində yenə Pənahəli xanın, İbrahimxəlil xanın, Molla Pənah Vaqifin, dahi Üzeyirin, Bülbülün və Xan Şuşinskinin ruhları dolaşır: “İnanırıq ki, Şuşanın bu azadlığı yaxın vaxtlarda İrəvanın, Dərələyəzin, Göyçənin, Ağbabanın, Vedinin, Şörəyelin taleyinə də qismət olacaq. Bu Zəfər Azərbaycan türklərinin bütün ata-baba torpaqlarına qayıdacağı günün yaxın olduğunu da göstərdi. 2021-ci il iyunun 15-də Azərbaycan və Türkiyə liderləri tərəfindən imzalanmış Şuşa Bəyannaməsi isə tarixin yeni gedişatına açılmış aydın yoldur. Bu yol Turan yoludur, quruculuq yoludur, həqiqət yoludur, türk birliyinin yoludur.
Qafqaz regionu üçün yadelli etnik ünsür olan erməni toplumunun özgə torpaqlarına göz dikməsi “tarixi ənənələrə” söykənir. Onlar dünyanın bir çox ölkəsində, o cümlədən Rusiya, ABŞ və Fransada yaşayaraq diasporlar yaratmaqla, lobbiçilik fəaliyyəti ilə məşğul olmaqla öz iyrənc niyyətlərini həyata keçirmək üçün həmişə terrordan istifadə etmişlər. 44 günlük Vətən müharibəsi göstərdi ki, Ermənistan Qafqaz regionunda terrorçuların isti yuvasına çevrilmiş ən təhlükəli dövlətdir. Bu savaşda Zəfər qazanan Azərbaycan isə sülh masasında mehriban qonşuluq siyasəti yürütməyi təklif edən dövlətdir. “Böyük Ermənistan” xəritəsi çəkib onun həyata keçirilməsi üçün hər cür vandal tədbirlərə əl atan, dinc sakinlərin yaşadığı məntəqələri minalayan, faşizmə yoluxan erməni terrorçuları 2023-cü ilin sentyabrında antiterror əməliyyatları zamanı məhv edildi. Nəticədə, Xankəndi, Xocalı, Xocavənd, Ağdərə azad edildi və doğma sahiblərinə qovuşdu, Azərbaycan ərazisində yaradılmış qondarma terror rejiminə son qoyuldu.
Beləliklə, 8 Noyabr - Zəfər Günündən başlayan yol Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması ilə başa çatdı. Bu Zəfər regionda sülh və təhlükəsizliyi təmin etməklə yanaşı, iqtisadi dirçəlişə səbəb olan logistik layihələrin reallaşması üçün zəmin hazırladı”.