TARİXÇİ- ALİMİN YUBİLEYİ
Mayın 24-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin iclas salonunda Azərbaycan maarifinin tanınmış nümayəndəsi, əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Mehdixan Vəkilovun 100 illik yubileyinə həsr olunmuş yığıncaq keçirilmişdir.
Universitetin rektoru, professor Bəhlul Ağayev yığıncağı açaraq, tanınmış tarixçi- alımin həyat və fəaliyyətindən danışdı. O dedi ki, Mehdixan Vəkilov 1924-cü ildə Qazax Müəllimlər Seminariyasında təhsilini başa vurmuş, gənc nəslin təlim- tərbiyəsində, xalqımızın maariflənməsində yorulmaq bilmədən çalışmış, 1926-1931-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunda təhsilini davam etdirdiyi dövrdə də sevimli peşəsindən ayrılmamış, Balaxanı, Suraxanı fabrik-zavod məktəblərində ictimaiyyat fənnindən dərs demişdir.
Sonra professor Xəlil Köçərli “Görkəmli alim və ictimai xadim” mövzusunda məruzə etdi. Natiq alimin 50-dən çox əsərinin çap olunduğunu, bir sıra ictimai vəzifələrdə çalışdığını, bədii yaradıcılıqla məşğul olduğunu, Azərbaycan xalqının şanlı mübarizə tarixindən bəhs edən “Cavanşir” romanı, “Anadil” povesti kimi maraqlı əsərlər yazdığını diqqətə çatdırdı. O bildirdi ki, M.Vəkilov APİ-nin rektoru, tarix kafedrasının dekanı kimi vəzifələrdə çalışarkən pedaqojı kadrların yetişdirilməsində əvəzsiz xidmətlər göstərmişdir.
Yazıçı Qılman İlkin, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Teymur Bünyadov, professorlar- Milli Məclisin deputatı Həsən Mirzəyev, Mirzəli Murğuzov, tarix fakultəsinin dekanı Rəhim Əliyev və başqaları yığıncaqda çıxış edərək M. Vəkilovu cəsarətli alım kimi səciyyələndirdilər, onunla bağlı xatirələrini söylədilər.
Axırda Cavanşir Vəkilov atasının xatircəsinə göstərilən diqqət və ehtirama görə yığıncaq iştirakçılarına minnətdarlığını bildirdi.