SİYASƏT
Tarixə dəhşətli qətliamlarla iz salan bir ölkənin Azərbaycana göstəriş verməsi ikrah doğurur - Hərbi ekspert
Bakı, 13 aprel, AZƏRTAC
Fransanın sərgilədiyi mövqe heç də bizə yad deyil və öncədən də bəllidir. İllər boyu ATƏT-in Minsk qrupunun üzvü olan Fransanın Azərbaycanla bağlı heç bir müsbət fəaliyyəti qeydə alınmadı. Tam əksinə olaraq Fransanın Ermənistanın işğalına dəstək verməklə törətdikləri cinayətləri və beynəlxalq hüquqa uyğun gəlməyən əməllərini qanuniləşdirmək istiqamətində fəaliyyəti danılmazdır. Onların bu fəaliyyəti də heç bir səmərə və nəticə vermədi. Azərbaycan öz gücü, xalq-iqtidar-ordu birliyinin hesabına haqq-ədaləti 44 gün ərzində döyüş meydanında bərpa etdi.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində hərbi ekspert Azər Bayramov deyib.
Hərbi ekspertin sözlərinə görə, Vətən müharibəsindən sonra da anti-Azərbaycan siyasətinin davamı olaraq Fransanın mütəmadi olaraq Azərbaycan əleyhinə verdiyi bəyanatlar və çıxışlar da Fransanın əsl mövqeyinin göstəricisidir. Qərbi Avropa ölkəsinin hakimiyyət dairələrinin, siyasətçilərinin səsləndirdiyi həqiqətdən tamamilə uzaq və absurd fikirlərin demək olar ki, ardı-arası kəsilmir. İkinci bir tərəfdən Fransanın Azərbaycanın sərhədləri ilə bağlı səsləndirdiyi bəyanatlar insanda ikrah hissləri doğurur: “Fransanın hakimiyyət nümayəndələri, siyasi dairələri bilməlidirlər ki, Azərbaycanın suveren ərazisi daxilində istər sərhədlərin delimitasiya və demarkasiyası, istərsə də Qarabağ və Şərqi Zəngəzurla bağlı bütün problemlərin həlli yalnız Azərbaycan Respublikasına aiddir. Suveren ərazilərimizdə hansı işlərin aparılması Azərbaycanın öz daxili işi kimi qiymətləndirilməli və Fransa bunu qəbul etməlidir. Üçüncüsü, Avropa İttifaqının missiyasında yer alan Fransa Minsk qrupunda hansı “işləri görmüşdüsə”, missiyada da eyni fəaliyyəti davam etdirməkdədir. Burada bir nüansı xüsusi qeyd etmək istərdim. Həmin missiyanın da böyük bir hissəsi keçmiş hərbçilərdən ibarətdir. Burada Fransa Jandarmiyasını xüsusi vurğulamaq lazımdır. Hansı ki, bu Jandarmiya Fransanın silahlı qüvvələrinin strukturundadır və həmin ölkənin Müdafiə Nazirliyinə tabedir. Milli Jandarmiyanın tərkibində GIGN kimi tanıdığımız, əsasən kəşfiyyat, eyni zamanda, antiterror əməliyyatlarının aparılması vəzifəsini yerinə yetirən birliklərin nümayəndələri yer alıblar. Bütün bunlar əsl niyyətin nə olduğunun göstəricisidir. Aİ missiyası sülh məramından çox uzaq bir xislətə qulluq edir. Nə olur-olsun nəticə etibarilə Ermənistan bununla heç bir şey əldə edə bilməyəcək. Eyni zamanda, həmin o missiyanın Azərbaycana qarşı hər hansısa bir məkrli mövqeyi olarsa, bu da nəticəsiz qalacaq”.
A.Bayramov bildirib ki, Fransanın tarixinə nəzər salarkən həmin ölkənin yetərincə qətliamlar törətmiş, eyni zamanda, digər dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə təhdid yaratmış əməllərini görməmək mümkünsüzdür. Bu məqamda Əlcəzairdə törədilən cinayətləri, 1,5 milyona yaxın insanın qətlə yetirilməsini və bütün bu olanlar fonunda bəşəriyyət üçün təhlükə törədən nüvə silahlarını sınaqdan keçirilməsini nümunə göstərmək yerinə düşər. 1960-cı ildən 1966-cı ilə qədər, yəni altı il ərzində Fransa 17 nüvə silahını sınaqdan keçirib. Həmin silahlar isə çəkisi ilə fərqlənirdi: “Ən dəhşətlisi odur ki, Fransa Əlcəzairdə Xirosimaya atılan bombaların 3-4 qat böyüyü həcmdə nüvə silahlarının sınaqlarını keçirib. Həmin hadisədən 60 ildən çox vaxt keçməsinə baxmayaraq, Əlcəzair xalqı radioaktiv çirklənmədən bugünkü gündə də əziyyət çəkməyə davam edir. Qara keçmişi ilə, belə bir qətliamlar törətməsi ilə tarixdə iz buraxan, eyni zamanda, Korsika, yeni Kaledoniya kimi ölkələrin ərazi bütövlüyünə müdaxilə edən bir ölkənin belə məsələlərdə kiməsə göstəriş verməyə niyyətlənməsi, əlbəttə ki, gülünc və absurddur. Fransa istədiyi qədər bəyanat səsləndirə, ermənilərlə birləşib Azərbaycan əleyhinə qarayaxma kampaniyası apara bilər. Bunların hamısı nəticəsiz qalacaq və hər iki dövlət öz istəklərinə nail ola bilməyəcəklər. Kifayət qədər güclü olan və öz sözünü deməyi bacaran Azərbaycan müstəqil siyasətini davam etdirəcək. Azərbaycan öz tutduğu mövqedə qətiyyətlidir. Biz Ali Baş Komandanın uzaqgörən siyasətinin nəticəsində bütün təxribatların öhdəsindən layiqincə gələcəyik”.