SİYASƏT
Tarixi qayıdış və xalqımızın qurtuluşu
Bakı, 14 iyun (AZƏRTAC). Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən 15 İyun - Milli Qurtuluş Günü münasibətilə MKT İstehsalat-Kommersiya MMC-nin Bakı İplik Fabriki və Beynəlxalq Ticarət Mərkəzində tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, rayon rəhbərliyi, müəssisə və təşkilatların nümayəndələri iştirak etmişlər.
Tədbirdə çıxış edənlər ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında, əvəzsiz xidmətlərindən, 15 İyun - Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışmışlar.
Bildirilmişdir ki, 15 İyun Azərbaycan xalqının yaddaşında əbədi həkk olunmuşdur. Azərbaycanın dövlət müstəqilliyinin bərpa edildiyi ilk illərində siyasi hakimiyyət boşluğunu, xalqımızın üzləşdiyi problemləri xatırladan natiqlər qeyd etmişlər ki, o zaman hakimiyyətin səriştəsizliyi, savadsızlığı nəticəsində ölkəmiz dərin böhrana düçar olmuş və vətəndaş müharibəsi təhlükəsi ilə qarşılaşmışdır. Ermənistanın hərbi təcavüzü respublikada vəziyyəti daha da gərginləşdirmişdi. Vətənin bu ağır dövründə ulu öndər Heydər Əliyev Azərbaycan xalqının bəlalardan qurtarmaq üçün yenidən hakimiyyətə qayıtmışdır. 1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmişdir. Beləliklə, 15 iyun bizim Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil olmuşdur.
Xalqın təkidi ilə yenidən hakimiyyətə qayıtmış ulu öndər Heydər Əliyevin böyük siyasi iradəsi, qətiyyəti, müdrikliyi, Azərbaycana bəslədiyi hədsiz sevgisi sayəsində ölkəmizin, dövlətimizin gələcək tərəqqisi üçün elə etibarlı bünövrə yaradılmışdır ki, hazırda respublikamız bu sağlam təməl üzərində sürətlə inkişaf edir. Məhz ümummilli liderin xilaskarlıq missiyası nəticəsində müstəqilliyimizin dönməzliyi təmin olunmuşdur. Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan hazırda dünyada ən sürətlə inkişaf edən dövlətlərdən biridir.
Görkəmli siyasi xadim Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycan iqtisadi, siyasi cəhətdən sürətlə inkişaf etmiş, ölkədə quruculuq, abadlıq işləri aparılmışdır. Hazırda ulu öndər Heydər Əliyevin siyasəti onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Vurğulanmışdır ki, dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünü qeyd edən Azərbaycan regionun iqtisadi, siyasi cəhətdən inkişaf etmiş ölkələrindən birinə çevrilmişdir. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan qısa zaman kəsiyində - 20 ildə bir çox uğurlar qazanmışdır. Başqa dövlətlərinin 100 ilə keçdiyi inkişaf yolunu 20 ilə qət etmişdir. Azərbaycan artıq beynəlxalq aləmdə tanınmış, sivil, dünyəvi, demokratik inkişaf edən ölkədir.
Tədbirdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən tarixi xronika, Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Nərimanov rayonunda dövlət əhəmiyyətli obyektlərin açılışlarından videosüjetlər nümayiş etdirilmişdir.