Tariximizin faciəli səhifəsi
Ağsu, 27 mart (AZƏRTAC). Ağsu Şəhər Mərkəzi Kitabxanasında 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar yığıncaq keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rayon ziyalılarının, fəal oxucuların və gənclərin iştirak etdikləri tədbirdə ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı haqqında məlumat verilmişdir.
Yığıncaqda “Erməni ideologiyası: deportasiyadan soyqrımınadək”, “1918-1920-ci illər soyqırımı: Şamaxı (Ağsu) qırğını-erməni vəhşilikləri”, “Erməni daşnak millətçi qüvvələrinin xalqımıza qarşı xəyanəti, yürütdükləri terror və soyqırımı siyasəti bu gün də davam etməkdədir”, “Azərbaycanlıların soyqırımı bədii ədəbiyyatda” və “Azərbaycanlıların soyqırımı: faktlar və sənədlər” mövzularında məruzələr dinlənilmişdir.
Məruzələrdə erməni daşnaklarının azərbaycanlılara qarşı məkrli niyyətləri, öz havadarlarının köməyi ilə zaman-zaman törətdikləri qətliamlar barədə ətraflı danışılmış, tarixi faktları geniş şərh edilmişdir. Xüsusilə 1917-1918-ci illərdə o zaman Ağsunun da daxil olduğu Şamaxı qəzasında, 1992-ci ildə Xocalıda törədilmiş soyqırımıları barədə geniş məlumat vermişlər.
Sonda soyqırımına həsr olunmuş sənədli film nümayiş etdirilmiş, iştirakçılar təşkil olunmuş kitab sərgisinə baxmışlar.