Tariximizin faciəli səhifəsi
Bakı, 30 mart, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Tariximizin faciəli səhifəsi” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Dövlət himni səsləndirilib, soyqırımı qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasının əməkdaşı Gülzadə Quliyeva soyqırımı haqqında məlumat verib.
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasının əməkdaşları, fəal oxucuları, orta məktəbin müəllim və şagirdlərinin iştirak etdikləri tədbirdə, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun doktorantı Ülvi Quliyev 1918-ci ilin martında erməni vandalları tərəfindən törədilmiş soyqırımı haqqında və bu dəhşətli faciənin yüz ildir Azərbaycan tarixinin ən qanlı səhifəsi olması barədə fikirlərini bölüşüb.
MKS-nin Mərkəzi Kitabxanasının əməkdaşlarının hazırladığı soyqırımı əks etdirən slayd nümayiş etdirilib.
Tədbirdə Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasının direktoru Oruc Quliyev, 171 nömrəli tam orta məktəbin direktoru Telman Qardaşov çıxış edərək bildiriblər ki, XIX əsrin 90-cı illərində, 1905-1907, 1915-1920-ci illərdə Gəncədə, Qubada, Lənkəranda, Şamaxıda, Naxçıvanda, Bakıda, Kürdəmirdə azərbaycanlılara, yəhudilərə, ləzgilərə, kürdlərə və digər yerli əhaliyə qarşı erməni terrorçuları tərəfindən kütləvi qırğınlar həyata keçirilib. O illərdən uzun bir müddət keçməsinə baxmayaraq, tarixçilərimiz, arxeoloqlarımız kütləvi insan qırğınlarının canlı şahidinə çevrilən onlarla məzarlıqlar aşkar ediblər.
Sonda tədbir iştirakçıları məktəblilərin hazırladıqları “Tariximizin faciəli səhifəsi” adlı sərgi ilə tanış olublar.