İQTİSADİYYAT
Tatarıstanda Azərbaycanın “Benkons Group” şirkətinin şirə istehsalı zavodunun və logistika mərkəzinin tikintisinə start verilib
Bakı, 7 oktyabr, Laçın Sultanova, AZƏRTAC
Oktyabrın 7-də Tatarıstan Respublikasının Laişevski bələdiyyə rayonunda şirə istehsalı zavodunun və logistika mərkəzinin tikintisi üzrə investisiya layihəsinin həyata keçirilməsinin başlanmasına həsr edilmiş təntənəli mərasim keçirilib. Obyektin tikinti meydançası Sokura kəndinin yaxınlığında yerləşir. Layihənin investoru qismində Azərbaycanın “Benkons Group” şirkəti çıxış edir.
AZƏRTAC Tatar-inform agentliyinə istinadla xəbər verir ki, investisiya layihəsinin həyata keçirilməsinin başlanmasına həsr edilmiş tədbirdə Tatarıstan Prezidenti Rüstəm Minnixanov iştirak edib.
Təntənəli mərasimdə çıxış edən Prezident Minnixanov deyib: “Bu, yetərincə iri layihədir, respublikada indiyə qədər bu cür layihə olmayıb. Zavod həm Tatarıstan bazarı, həm də yaxınlıqdakı regionların bazarları üçün nəzərdə tutulub. Mən investorlara təşəkkür etmək istərdim. Bu qərarı Azərbaycandan olan həmkarlarımız qəbul edib, onlar həmin qərarı hərtərəfli təkmilləşdiriblər, yaxın vaxtlarda bu layihəyə təqribən 4 milyard sərmayə qoyulacaq. Müəssisə ildə 50 min tondan çox şirə istehsal edəcək. Ən başlıcası, bizim istehsalçılar üçün də bazar yaranacaq. Onlar bu zavodu xammal ilə təchiz edə biləcəklər. Xammalın bir hissəsini yerli təchizatçılardan, qalan hissəsini kənardan alacaqlar. Fikrimcə, bu hələ başlanğıcdır. Gələcəkdə biz bu istehsalatların genişləndirilməsini planlaşdıracağıq”.
“Benkons Group” şirkətinin kommersiya direktoru Elin Zalov bugünkü hadisəni həmin şirkətlə Tatarıstan Respublikasının İnvestisiya İnkişaf Agentliyi arasında səmərəli əməkdaşlığın nəticəsi adlandırıb. Onun sözlərinə görə, bu layihə “Benkons Group” şirkətinə böyük iqtisadi səmərə gətirməklə bərabər, həm də çox məsuliyyətli məsələdir. E. Zalov Tatarıstanda sərmayə qoyulması üçün verilən imkana və əlverişli şərait yaradılmasına görə Tatarıstan Prezidentinə və respublika rəhbərliyinə təşəkkürünü bildirib.
Təntənəli tədbir gələcək zavodun təməlinə xatirə kapsulu qoyulması ilə başa çatıb.
Elin Zalov jurnalistlərin suallarını cavablandıraraq qeyd edib ki, Azərbaycan şirkəti Tatarıstanda tikilən gələcək zavodun məhsullarını həm Rusiya bazarına, həm də Çinin və bəzi başqa Avropa ölkələrinin bazarlarına çıxarmağı planlaşdırır. Zavodda şirə və tərkibində şirə olan içkilər istehsalı üçün xammal kimi Tatarıstanın kənd təsərrüfatı istehsalçılarının məhsullarından istifadə ediləcək. “Ümid edirik ki, tikinti başa çatanda biz regionun kənd təsərrüfatı potensialından istifadə edə biləcəyik”, - deyən Emin Zalovun sözlərinə görə, “Benkons Group” şirkəti bu zavodun və logistika mərkəzinin tikintisinə qoyulan sərmayələrin əvəzini 8-10 il ərzində çıxarmağa ümid edir.
Gələcək zavodun və logistika mərkəzinin işçilərinin sayının 250 nəfər olması nəzərdə tutulur. Gözlənildiyinə görə, müəssisə 2017-ci ilin əvvəlində işə başlayacaq.
“Benkons Group” şirkəti Tatarıstanda 75 hektar torpaq sahəsi alıb. Bu sahənin 12 hektarı həmin layihənin həyata keçirilməsi üçün istifadə ediləcək. Şirkət gələcəkdə istehsalı genişləndirməyi və Tatarıstanda yeni investisiya layihələri həyata keçirməyi planlaşdırır.
Bu layihənin həyata keçirilməsinin mümkünlüyü barədə ilkin razılaşma keçən ilin dekabr aylında, Tatarıstan Respublikasının İnvestisiya İnkişaf Agentliyinin (TR İİA) rəhbəri Taliyə Minullinanın Azərbaycana səfəri zamanı əldə edilib. Cari ilin fevral ayında layihə Tatarıstan prezidentinə təqdim edilib və elə həmin vaxt “Benkons Group” şirkəti ilə TR İİA arasında qarşılıqlı əməkdaşlıq haqqında saziş imzalanıb.
Azərbaycanın “Benkons Group” şirkəti müxtəlif sahələrdə fəaliyyət göstərir, o cümlədən gündəlik tələbat mallarının idxalı və distribusiyası ilə məşğul olur, tikinti sektorunda layihələr həyata keçirir, meyvə və tərəvəzin emalı məhsullarını Avropa, Asiya və Amerika ölkələrinə ixrac edir.