DÜNYA
Tayms-skverdə insident: avtomobilin piyadalara çırpılması nəticəsində 1 nəfər ölüb, 13 nəfər yaralanıb
Bakı, 18 may, AZƏRTAC
Nyu-Yorkun mərkəzi meydanı - Tayms-skverdə avtomobilin böyük sürətlə piyadaların üstünə sürülməsi nəticəsində azı 1 nəfər ölüb, 13 nəfər xəsarət alıb.
AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, Nyu-York polisi yalnız onu təsdiqləyib ki, hadisə ilə əlaqədar 13 piyadaya tibbi xidmət göstərilib. Bununla yanaşı, şəhərin yanğın xidməti 1 nəfərin həlak olduğunu, daha 12 nəfərin zərər çəkdiyini bildirib.
Şahidlərin sözlərinə görə, sürücü meydanda müəyyənləşdirilən sürət həddini aşaraq avtomobili hərəkətin əksinə sürüb və düşünülmüş şəkildə səkiyə çıxarıb.
Fox News telekanalı xəbər verir ki, sağ qalan sürücü həbs olunub. Onun hərəkətinin motivləri hələlik müəyyənləşməyib. Polisin gəldiyi ilkin qənaətə görə, hadisə terrorla əlaqəli deyil.