MƏDƏNİYYƏT
Tbilisi festivalında Azərbaycan filmləri nümayiş etdirilmişdir
Tbilisi, 30 mart (AZƏRTAC). Böyük Britaniyanın Azərbaycan, Gürcüstan və Ermənistandakı səfirliklərinin təşəbbüsü ilə Tbilisidə Qafqaz filmləri festivalı keçirilir.
Festivalda Azərbaycanın “Arşın mal alan” və “Sahə” bədii filmləri göstərilmişdir. Tamaşaçı auditoriyası nəzərə alınaraq hər iki film müvafiq olaraq Azərbaycan və rus dillərində, həmçinin ingilis titrləri ilə nümayiş olunmuşdur.
Azərbaycan filmləri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır. Tamaşaçı Nana Kıtovani demişdir ki, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin eyniadlı musiqili komediyası əsasında ekranlaşdırılmış “Arşın mal alan” filmi demək olar ki, həyatımızın bir hissəsinə çevrilmişdir. Yüksək peşəkarlıqla lentə alınmış bu filmə baxan hər bir kəs inanmıram ki, onu unutsun.
“Sahə” filminin rejissoru İlqar Safat bildirmişdir ki, bu ekran əsəri Gürcüstanda artıq ikinci dəfədir ki, nümayiş olunur.
“Sahə” Azərbaycan və Gürcüstan kinostudiyalarının birgə istehsalıdır. Rolları azərbaycanlı aktyorlarla yanaşı, gürcü və fransız aktyorları da ifa edirlər. Filmdə baş rollarda Zaza Bejaşvili (Gürcüstan), Melissa Papel (Fransa), Vaqif İbrahimoğlu və Timur Oduşev (Azərbaycan) çəkilmişlər.
Rejissor demişdir ki, film Tbilisi və Batumidə keçirilmiş beynəlxalq festivalların mükafatlarına layiq görülmüşdür.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi