İQTİSADİYYAT
Tbilisidə Azərbaycan iş adamlarının Gürcüstan rəsmiləri ilə işgüzar görüşü keçirilib
Tbilisi, 28 oktyabr, AZƏRTAC
“Caspian European Club” və “Caspian American Club” Tbilisidə Azərbaycan iş adamları ilə Gürcüstanın hökumət üzvləri və işgüzar dairələrinin nümayəndələri üçün “Geo lanch” təşkil edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin, Gürcüstan Maliyyə Nazirliyinin və “Pasha Bank Georgia”nın dəstəyi ilə keçirilən işgüzar görüşdə Gürcüstan hökumətinin rəsmiləri, bu ölkədə fəaliyyət göstərən Azərbaycan şirkətlərinin nümayəndələri iştirak ediblər.
“Caspian European Club” və “Caspian American Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev deyib ki, “Caspian Energy Georgia” şirkəti Gürcüstanda geniş fəaliyyət göstərir. Şirkət Gürcüstan ərazisində “Caspian European Club”, “Caspian American Club” və “Caspian Energy International Media Group”un mənafelərini təmsil edir. Bu şirkət Gürcüstan ərazisində əməkdaşlığı fəallaşdırmaq niyyətində olan Gürcüstan, Azərbaycan, Türkiyə və Qazaxıstan şirkətləri tərəfindən çoxsaylı müraciətlər nəticəsində yaradılıb.
Bu cür tədbirlərin mütəmadi olacağını vurğulayan T.Əliyev deyib ki, Tbilisi və Batumidə biznes-forum, CEO lunch, treninq, seminar və “dəyirmi masa”lar təşkil olunacaq. Bundan əlavə, ildə bir dəfə milli və beynəlxalq “Caspian Energy Award”, “Caspian Business Award”, “Caspian CEO Award” və “Brand Award” mükafatlarının təqdimetmə mərasimləri keçiriləcək.
Gürcüstan maliyyə nazirinin müavini Qeorqi Tabulaşvili çıxışında ölkəsinin bu cür görüşlərin keçirilməsində, Azərbaycan ilə iqtisadi əlaqələrin inkişafında maraqlı olduğunu bildirib. O, Gürcüstanda xarici iş adamları üçün hər cür şəraitin yaradılacağını söyləyib.
Sonra Gürcüstan Maliyyə Nazirliyinin makroiqtisadi təhlil və fiskal siyasətin planlaşdırılması departamentinin rəhbəri Yekaterina Mikabadze ölkəsinin iqtisadi inkişafı, turizm potensialı, ticarət dövriyyəsi, büdcə imkanları, investisiya imkanlarından bəhs edən təqdimatla çıxış edib.
Gürcüstanın gəlirləri, bu gəlirlərin idarə olunması, büdcə, pul-kredit siyasəti və s. məsələlər barədə ətraflı məlumat verib.
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov çıxışında ölkələrimiz arasındakı əlaqələrin qədim tarixindən danışıb, ulu öndər Heydər Əliyevin səyi nəticəsində münasibətlərimizin yeni müstəvidə, daha geniş vektorlar üzrə inkişaf etdiyini bildirib. Diplomat deyib ki, Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi nəticəsində əlaqələrimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu il ölkələrimiz arasında diplomatik əlaqələrin 25 ilinin tamam olduğunu vurğulayan D.Həsənov bu illər ərzində hər iki dövlətin əldə etdiyi uğurları yüksək qiymətləndirib, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz, Bakı-Tbilisi-Qars dəmir yolu layihələrindən danışıb.
“PASHA BANK Georgia”nın idarə heyətinin üzvü Çingiz Abdullayev çıxış edib, iqtisadi əlaqələrimiz barədə məlumat verib. Bankın Gürcüstanda gördüyü işlər, xeyriyyəçilik fəaliyyəti barədə təqdimatla çıxış edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi