SİYASƏT
Tbilisidə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini anma mərasimi keçirilmişdir
Tbilisi, 12 dekabr (AZƏRTAC). Tbilisi şəhərində ulu öndər Heydər Əliyevin xatirəsini anma mərasimi keçirilmişdir.
Mərasim ümummilli liderimizin Gürcüstan paytaxtındakı abidəsi önünə əklillər qoyulması ilə başlanmışdır.
Tədbirdə Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin əməkdaşları, burada fəaliyyət göstərən Azərbaycan şirkətlərinin, Azərbaycan və gürcü ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Professor Konstantin Ramişvili demişdir ki, bu gün Gürcüstan paytaxtında Azərbaycanın böyük oğlu, dünya şöhrətli siyasətçi Heydər Əliyevin xatirəsinə həsr olunmuş belə bir möhtəşəm tədbirin keçirilməsi təbiidir və biz hamımız o müdrik insanın əziz xatirəsini yad etmək üçün buraya toplaşmışıq. Bizim üçün onu qeyd etmək xoşdur ki, bu böyük şəxsiyyətin ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin daha da dərinləşdirilməsində əvəzsiz xidmətləri olmuşdur.
Alim ulu öndər Heydər Əliyevin şəxsi cəsarəti sayəsində qlobal layihələrin Gürcüstan ərazisindən keçdiyini və bunu gürcü ictimaiyyətinin daim minnətdarlıqla xatırladığını vurğulamışdır.
ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov ümummilli lider Heydər Əliyevin dünya siyasətində şəxsi dəst-xətti olduğuna diqqəti çəkmiş və məhz ulu öndərin yürütdüyü siyasət nəticəsində Azərbaycanın dinamik inkişafa nail olduğunu, bölgədə liderlik mövqeyinin gücləndiyini, dünyada nüfuzunun artdığını qeyd etmişdir. O, demişdir ki, ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində vətəndaş müharibəsi ilə üzləşmiş Azərbaycanda və ümumilikdə bölgədə sabitlik bərpa olunmuş, əsrin qlobal layihələri gerçəkləşmişdir. Bununla da dünyanın diqqəti Azərbaycana yönəlmişdir.
M. Məmmədov demişdir ki, ulu öndərin ideyaları daim yaşayacaq, Azərbaycan dövləti başçısının balanslaşdırılmış siyasəti sayəsində ölkəmiz daha da çiçəklənəcəkdir.
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Gürcüstan filialının direktoru Qurban Piriyev qeyd etmişdir ki, qonşu ölkədə ulu öndərin xatirəsinin belə möhtəşəm şəkildə anılması hər bir azərbaycanlıda qürur hissi yaradır. Ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, beynəlxalq nüfuzunun artmasında böyük xidməti olan şəxsiyyətdir. Bu müdrik insanın siyasəti Prezidentimiz tərəfindən uğurla davam etdirilir ki, bu da Azərbaycanın xoşbəxt gələcəyindən xəbər verir.
Sonra ARDNŞ-in Gürcüstan nümayəndəliyinin dəstəyi ilə Azərbaycan, Gürcüstan və İtaliyanın məşhur bəstəkarlarının klassik əsərlərindən ibarət konsert verilmiş, gürcü jurnalistlərin ulu öndərin həyat və fəaliyyəti barədə lentə aldıqları “Dostluğa çağırış” sənədli filmi nümayiş etdirilmişdir.
Tədbirdə Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Azər Hüseyn iştirak etmişdir.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi