Tbilisidə aztəminatlı ailələrə yardım göstərilib
Tbilisi, 26 fevral, AZƏRTAC
Azərbaycanın Gürcüstandakı səfirliyinin Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar hazırladığı tədbirlər planı çərçivəsində Tbilisinin Yuxarı Vedis yaşayış massivindəki Əli Aba mədrəsə kompleksində bu bölgədə yaşayan aztəminatlı və xüsusi qayğıya ehtiyacı olan ailələrlə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirliyin əməkdaşları, AZEBİ-nin idarə heyətinin sədri Nəriman Qurbanov, Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İsak Novruzov ailələrin qayğıları ilə maraqlanıblar.
Sonra şəhidlərimizin ruhuna dualar oxunub, onlara Allahdan rəhmət dilənib.
İnsanlara Xocalı soyqırımı ilə əlaqədar Heydər Əliyev Fondunun və səfirliyin təşəbbüsü ilə paytaxt Tbilisidə və regionlarda keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.
Bildirilib ki, Azərbaycan dövləti belə bir gündə də Gürcüstanda yaşayan və xüsusi qayğıya ehtiyacı olan ailələri yaddan çıxarmayıb.
Sonra 50-dən çox ailəyə yardım paylanılıb.
Məscidin axundu və insanlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi