MƏDƏNİYYƏT
Tbilisidə Bakının rəmzlərindən birinin quraşdırılması dostluğun və qardaşlığın bariz nümunəsidir
Tbilisi, 11 dekabr, AZƏRTAC
Tbilisinin mərkəzi Rustaveli prospektində dünyanın nüfuzlu şəhərləri ilə yanaşı Bakının da rəmzlərindən biri - “Alov qüllələri”nin quraşdırılmasının bizim üçün böyük mənası var. Bu, bizim dostluğun, qardaşlığın bariz nümunəsidir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Tbilisi şəhər sakini Tariel Çeişvili söyləyib.
Onun sözlərinə görə, Tbilisi şəhər sakinlərinin çoxu, eləcə də qonaqlar “Alov qüllələri”ni maraqla seyr edirlər. Onlar Paris, London, Nyu-York və digər şəhərlərin rəmzlərini görüblər. Bu gün Tbilisidə Bakı şəhərinin rəmzlərindən birinin işıqlandırılması hamı üçün çox sevindiricidir.
“Bəlkə də elə bir adam tapılmaz ki, buna sevinməsin. Biz Bakı, Azərbaycan ilə dostluğumuzdan məmnunuq. Bu qardaşlıq yaşamalıdır və yaşayacaq” - deyə T.Çeişvili vurğulayıb.
Qeyd edək ki, bu gün Tbilisidə Yeni il yolkasının işıqlandırılması mərasimi olub. Əsas yolka ilə yanaşı, Tbilisinin mərkəzi küçə və prospektlərindəki al-əlvan illüminasiyalar, dünyanın bir sıra şəhərlərinin rəmzləri, eləcə də Bakının rəmzlərindən olan “Alov qüllələri”nin bəzəkli maketləri də işıqlandırılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi