DÜNYA
TBİLİSİDƏ DAHA 5 NƏFƏR “A” VİRUSUNA TUTULUB
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, martın 13-də “A” tipli qrip virusu diaqnozu ilə daha 5 nəfər Tbilisi şəhərinin infeksiya xəstəxanasına qoyulmuşdur. Onların hamısı yüksək hərarətdən əziyyət çəkir və şəhərin 50 nömrəli məktəbinin bir neçə gün öncə kəskin pnevmoniyadan vəfat etmiş bir şagirdi ilə təmasda olmuşdur.
Həkimlər bu xəstələrin səhhətinin təhlükəsiz olduğunu bildirirlər. Xəstəxananın baş həkimi Tengiz Sersvadze yazın gəlişi ılə qrip virusunun həmişə kəskinləşdiyini demiş və şəhər əhalisini yayılan şayiələrə əhəmiyyət verməməyə çağırmışdır.
İndiyədək xəstəxanaya 200-dək adam müraciət etmişdir. Tbilisi şəhərinin poliklinikaları xüsusi iş rejiminə keçirilmişdir.
Xatırladaq ki, bu günlərdə Tbilisinin 50 nömrəli məktəbinin iki nəfər şagirdi kəskin pnevmoniyadan həlak olmuş və şəhərdə quş qripinin yayılmasına dair şayiə yayılmışdır. Gürcüstan Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi bu şayiələri təkzib etmişdir.