MƏDƏNİYYƏT
Tbilisidə M.F.Axundzadəyə həsr olunmuş film nümayiş etdirilmişdir
Tbilisi, 13 mart (AZƏRTAC). Tbilisidə N.Dumbadze adına Gənc Tamaşaçılar Teatrında Azərbaycanın böyük mütəfəkkiri M.F.Axundzadənin 200 illik yubileyinə həsr olunmuş “Sübhün səfiri” filmi nümayiş etdirilmişdir. Film Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı əsasında çəkilmişdir.
Film Tbilisidə ARDNŞ-ın Gürcüstan nümayəndəliyinin dəstəyi ilə göstərilmişdir. Nümayəndəliyin məsul əməkdaşı Şövqi Mehdizadə filmin yaradıcı kollektivini tamaşaçılara təqdim etmiş, təşəbbüsü dəstəklədiklərinə görə Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinə təşəkkürünü bildirmişdir.
Gürcüstan mədəniyyət və abidələrin mühafizəsi naziri Quram Odişaria AZƏRTAC-a demişdir ki, belə tədbirlər qədim tarixi köklərə söykənən dostluq ənənələrimizin daha da inkişaf etdirilməsinə xidmət göstərir. Bu gün burada Anarın rəhbərliyi ilə nüfuzlu nümayəndə heyəti təmsil olunmuşdur. Anar kimi yazıçılar yalnız bir xalqın deyil, hamımızın fəxridir və bu gün bizim xatirimizdə əbədi həkk olunacaqdır.
Q.Odişaria demişdir ki, M.F.Axundzadənin haqqında çəkilmiş filmin Tbilisidə nümayiş etdirilməsi ürəyimizcədir. Nazir Bakını piyada seyr etməkdən xüsusi məmnunluq duyduğunu vurğulamış və qeyd etmişdir ki, Bakı ilə Tbilisinin, ümumiyyətlə bizim çox oxşarlıqlarımız vardır.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar demişdir; “M.F.Axundzadə barədə çəkilmiş iki seriyalı filmin ssenari müəllifiyəm. Filmin quruluşçu-rejissoru Ramiz Həsənoğlu, rəssamı Rafiq İsmayılov, operatoru Kənan Məmmədovdur. Məlum olduğu kimi, Mirzə Fətəlinin həyat və yaradıcılığının mühüm bir hissəsi Tbilisidə keçmişdir. Filmin burada nümayiş etdirilməsi də məhz bununla bağlıdır.” Yazıçı qeyd etmişdir ki, filmin Tbilisidə nümayişində azərbaycanlılarla yanaşı, gürcü tamaşaçıların da iştirakı təqdirəlayiqdir. Film Azərbaycan, Türkiyə və Kiprdən sonra Tbilisidə nümayiş etdirilir. Filmin sonra Moskvada göstərilməsi nəzərdə tutulmuşdur.
Ramiz Həsənoğlu çıxışında yaradıcı heyət adından tədbirin təşkilatçılarına təşəkkür etmiş, M.F.Axundzadənin həyat və yaradıcılığının bilavasitə bağlı olduğu Tbilisidə “Sübhün səfiri”nin göstərilməsinin mühüm əhəmiyyət kəsb etdiyini demişdir.
Gürcüstan Mülki İnteqrasiya Fondunun rəhbəri Zaur Xəlilov filmdə Azərbaycan dramaturgiyasının banisi M.F.Axundzadənin həyat və yaradıcılığının önəmli anlarının çox yaxşı əks olunduğunu və bu filmə tamaşa etmiş gürcü dostlarının görkəmli şəxsiyyət barədə ətraflı məlumat aldıqlarını vurğulamışdır.
Tamaşaçılar teatrın foyesində təşkil olunmuş Azərbaycan teatrına baxımış, M.F.Axundzadənin həyat və yaradıcılığına dair tarixi sənədlərin surətlərindən ibarət sərgini böyük maraqla seyr etmişlər.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn iştirak etmişdir.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi