Tbilisidə səsvermə prosesindən REPORTAJ
Tbilisi, 7 fevral, AZƏRTAC
Gürcüstanda müvəqqəti yaşayan və işləyən Azərbaycan vətəndaşları səfirliyə gələrək səs veriblər.
AZƏRTAC-ın müxbiri səsvermənin gedişatını izləyib.
Gəncədən Tbilisidə ailəsi ilə qonaq olan Xanım Cəfərova məntəqəyə körpəsi ilə gəlib. Bizimlə fikirlərini bölüşən seçici deyib: “Seçkilər olduğunu bilirdim, dedilər səfirlikdə səs vermək mümkündür, mən də gəldim səsimi verdim. Bundan qürur duydum. Biz prezidentimizi seçdik. İnanırıq ki, səs verib seçdiyimiz namizədimiz bizi bundan sonra da qürurlandıracaq, irəli aparacaq”.
Səs verənlər arasında 84 yaşlı Pəri Mehdiyeva da var. “Mən Bakıda yaşayıram. Vətənim Azərbaycanım ilə qürur duyuram. Səs verdik ki, qoy görsünlər ki, biz qoca, cavan, hamımız birik və özümüz öz liderimizi seçirik. İnşallah ki, xeyirli və uğurlu olacaq”, - deyə o bildirib.
Biologiya üzrə elmlər namizədi 85 yaşlı Yasin Əfəndiyev də Azərbaycan vətəndaşıdır. Marneuli rayonunun Xuldərə kəndində qonaqdır. Ömrünün bu ahıl vaxtında prezident seçkilərində iştirak etməkdən o da şərəf duyur: “Bu yaşıma qədər dəfələrlə prezident seçkilərində iştirak etmişəm. Amma bu seçkilər fərqlidir. Bu seçki bizim üçün tarixi əhəmiyyət kəsb edir. Bu gün Azərbaycanın bütün ərazilərində seçki keçirilir. Belə bir tarixi gündə evdə oturmaq olmazdı”.
Qucağında körpəsi, övladlarının dəstəyi ilə cavan qadının, yaşlı adamların səsvermədə iştirakı gürcü cəmiyyətinin də marağına səbəb olub.
Davit Tumaşvili deyib: “Mənim 58 yaşım var. İlk dəfədir ki, qucağında körpəsi ilə seçkiyə gələn qadın görürəm. Bu xalqı qalib edən bilirsinizmi nədir? Onun birliyi və öz liderinə inamı. Bu cür birliyi olan xalqa qalib gəlmək olmaz”.
Natiya Qonqadze də gördüklərindən heyrətini gizlətməyib: “Azərbaycan səfirliyi qarşısında xeyli sayda insanın toplaşdığını görəndə nə baş veridiyini maraq etdim. Yaxınlaşanda ilk gördüyüm əllərində yaşıl pasport tutmuş 85 yaşlı kişi ilə demək olar ki, eyni yaşda olan qadın oldu. Polisdən nə baş verdiyini soruşdum. Dedilər ki, Azərbaycanda prezident seçkisidir, onlar da gəliblər səs verməyə. Heyrətə gəldim. Həqiqətən də bu bir möcüzədir. Bu yaşda, özü də Azərbaycandan uzaqda prezident seçmək çox maraqlı, həm də qürurverici bir hadisədir”.
Marina Kopadze isə deyib: “Mən Azərbaycan səfirliyinin arxasındakı küçədə yaşayıram. Bu gün də nəvəmi gəzdirmək üçün parka gəlmişəm. Mühafizə polisinin yanından keçəndə qucağında körpə uşaq olan qadını, çox səliqəli geyinmiş yaşlı kişini və bir də yaşlı qadını gördüm. Nə baş verdiyini soruşdum. Mənə dedilər ki, onlar hamısı səfirlikdə səs vermək üçün toplaşıblar. Düzü sizlərə qibtə etdim”.
Rəyini soruşduğumuz digər respondentlər də gördüklərini Azərbaycan xalqının birliyinin bariz nümunəsi kimi qiymətləndiriblər.
Tbilisi