CƏMİYYƏT
Tbilisidəki “Alyans Gənclər Mərkəzi”ndə gənclərlə görüş olub
Tbilisi, 8 iyun, AZƏRTAC
Tbilisidə fəaliyyət göstərən “Alyans Gənclər Mərkəzi"ndə Azərbaycan, gürcü, ingilis, alman dilləri, həmçinin Azərbaycan tarixi, rəsm və xalçaçılıq üzrə kursları bitirən gənclərlə görüş olub.
AZƏRTAC xəbər verir ki, görüş zamanı kursları uğurla başa vuran 60-a yaxın gəncə sertifikatlar təqdim olunub.
“Alyans Gənclər Mərkəzi”nin icraçı direktoru Rəna Hüseynova və sədri Leyla Əmrahova mərkəzin fəaliyyəti, burada gənclər üçün nəzərdə tutulmuş təlim, tədris proqramları barədə ətraflı məlumat veriblər.
Mərasimdə iştirak edən Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Vüsal Məmmədov, Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) İdarə heyətinin sədri Nəriman Qurbanov, Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Sərxan İsmayılov gənclər qarşısında çıxış edib, onları daha çox biliyə yiyələnməyə dəvət ediblər.
Tədbirin sonunda “Alyans Gənclər Mərkəzi"nin tələbələrindən Nana Bədəlovanın “Nar bağı” adlı rəsm əsəri və Aygün Ramazanovanın “Xarı bülbül” adlı xovlu xalçası Diaspor Komitəsinin əməkdaşına hədiyyə olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi