MƏDƏNİYYƏT
Teatr Xadimləri İttifaqı Musiqili Teatra etimad göstərdi
Bakı, 14 aprel, AZƏRTAC
İyunun 19-dan 26-dək Moskvada gənc sənətçilərin bilik və təcrübəsinin artırılmasında böyük rol oynayacaq “Gənc rejissorların laboratoriyası” fəaliyyət göstərəcək. Burada gənclər dünyanın tanınmış sənətçilərindən ustad dərsləri alacaq, sənətin sirlərini daha dərindən öyrənmək imkanı əldə edəcəklər. Laboratoriya iştirakçıları həmçinin həmin vaxtlarda A.P.Çexov adına nüfuzlu beynəlxalq teatr festivalının tamaşalarına baxa biləcək, dünya teatr sənətinin maraqlı nümunələri ilə tanış olacaqlar.
Azərbaycan Teatr Xadimləri İttifaqı Musiqili Teatrın əməkdaşlarına etimad göstərərək teatrda çalışan gənc rejissor Anar Sadıqovun və Əlif Cahangirovun məşğələlərdə iştirak etməsi uçun teatrın rəhbərliyinə müraciət edib.
Musiqili Teatrdan AZƏRTAC-a bildirilib ki, Əlif Cahangirov və Anar Sadıqov bu il həmçinin rejissor kimi Musiqili Teatrda debüt edəcəklər. Onlar istedadlı şair və tədqiqatçı İlqar Fəhminin “2015-ci kvartal” əsərinə müraciət ediblər. Onlar göstərilən etimadı doğrultmaq üçün bütün qüvvələrini səfərbər edəcəklər.
Hazırda Əlif Cahangirov teatrda aktyor kimi fəaliyyət göstərir və “Talelər qovuşanda” tamaşasında Murad, “Yatmış gözəl və yeddi cırtdanlar”da Kral və Prins obrazlarında çıxış edir. 2014-cü ildən Musiqili Teatrda rejissor assistenti vəzifəsində çalışan Anar Sadıqov isə “Qızıl toy” (O.Kazımi, R.Heydər), “O olmasın, bu olsun” (Ü.Hacıbəyli), “Yatmış gözəl və yeddi cırtdanlar” (A.Sadıqov) tamaşalarında rejissor assistenti olub.