TƏBABƏT ALƏMİNDƏ
ALMAN QADININ 6 ƏKİZ UŞAĞI OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, alman qadın 6 körpə dünyaya gətirmişdir. Berlindəki “Şarite” klinikasının professoru Ulrix Fray bildirmişdir ki, 4 qız və 2 oğlan hamiləliyin 27-ci həftəsində doğulmuşlar. Həkimlərin rəyinə görə, çəkisi 800-dən 900 qramadək olan körpələr və ana özlərini yaxşı hiss edirlər.
6 əkizin dünyaya gəlməsi Almaniyada nadir hadisədir. Axırıncı dəfə 1986-cı ildə Münxendə 6 körpə dünyaya gətirən ana və körpələrdən biri ölmüşdü.
X X X
SƏHİYYƏ VƏ FİZİOLOGİYA SAHƏSİNDƏ NOBEL
MÜKAFATI İÇV VİRUSUNU AŞKAR EDƏN FRANSIZ
ALİMLƏRİNƏ VERİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, səhiyyə və fiziologiya sahəsində Nobel mükafatı İÇV virusunu kəşf etmiş Fransa alimlərinə verilmişdir. Onların ABŞ-dan olan həmkarlarının kənarda qalması dünyanın elmi dairələrində təəccüb doğurmuşdur.
Laureatların özləri də çaşqınlıq içindədirlər, çünki onların həmkarı, bu problem üzərində uğurla çalışan amerikalı Robert Qallo ali elmi mükafata layiq görülməmişdir. Qallo özü isə Nobel mükafatı laureatlarını təbrik etmiş və onu unutmadıqları üçün həmkarlarına təşəkkürünü bildirmişdir.
Nobel Komitəsinin fikrincə, fransızlar gələcək tədqiqatların əsasını təşkil edən virusu amerikalıdan əvvəl tapmışlar.
Bu il tibb sahəsində Nobel mükafatının sahibləri uşaqlıq boyuncuğunun xərçənginə səbəb olan papilloma virusunu aşkar etmiş alman Haralt sur Hauzen və immun çatışmazlığı virusunu (İÇV) kəşf etmiş fransız alimləri Lyuk Montanye və Fransuaza Barre-Sinussi olmuşlar.
X X X
39 YAŞINDAN SONRA İNSANIN BEYNİ SÜRƏTLƏ QOCALIR
Alimlərin fikrincə, 39 yaşından sonra insanın beyni sürətlə qocalır. Ancaq bunun, habelə beyində yaşla əlaqədar degenerativ dəyişikliklərin qarşısını almaq mümkündür.
Kaliforniya Universitetinin alimləri 23-80 yaşlarında insanlar üzərində tədqiqat apararaq, onlara 10 saniyə ərzində şəhadət barmağı ilə masaya vurmağı təklif etmişlər. Bundan sonra iştirakçıların beynində mielinin (əsab toxumalarının tərkibinə daxil olan maddə) miqdarını müəyyənləşdirmək üçün onların beyni skanlaşdırılmışdır.
Məlum olmuşdur ki, reaksiyanın sürəti və mielinin miqdarı yaşı 39-dan yuxarı olan adamlarda getdikcə azalır. Artrit və oynaq xəstəlikləri nəzərə alınmasa, beyinin qocalmasına məhz bu maddənin azalması səbəb olur.
Beyin 39 yaşınadək miyelin ilə zənginləşir, bu yaşdan sonra isə həmin maddənin miqdarı azalır. Miyelinin miqdarının dəyişməsinin daha ətraflı araşdırılması beyinin qocalmasının qarşısını almaq üçün aparılan tədqiqatlara kömək edə bilər.
X X X
ƏSAS MƏSƏLƏ SAĞLAMLIQDIR
Nigeriyanın 1 milyondan artıq sakini kordur, 3,1 milyon nigeriyalının isə gözləri zəif görür. Ölkənin Səhiyyə Nazirliyi 2 il ərzində apardığı tədqiqatlardan sonra belə nəticə əldə etmişdir.
Tədqiqatlara görə, korların 50 faizi katarakta, 16 faizi qlaukoma, qalanları isə göz əzələlərinin distrofiyası və göz refleksinin pozulması üzündən bu bəlaya düçardırdır. Həkimlərin fikrincə, ölkədə korluqla mübarizə aparmaq üçün vəsait çatışmır.
Nigeriya Korluqla Mübarizə Milli Komitənin rəyinə görə, xəstələrin təxminən 50 faizi vaxtında eynək taxarsa, 15 faizi isə cərrahiyyə əməliyyatına razılıq verərsə, görmə qabiliyyətini bərpa edə bilər.
X X X
İTALİYA ALİMLƏRİ XƏRÇƏNGLƏ
MÜBARİZƏ METODU KƏŞF ETMİŞLƏR
İtaliya alimlərinin “Troya atı” adlandırdığı metoda görə, xərçənglə mübarizə aparan hüceyrələr şişin daxilinə təbii yolla yeridilir.
Alimlər iddia edirlər ki, xərçəng xəstəsinin qanındakı hüceyrələr genetik cəhətdən elə dəyişdirə bilirlər ki, onlar hüceyrənin özünümüdafiə üçün istifadə etdiyi birləşmə - interferon istehsal edər. Donor qanından əldə olunmuş interferon leykemiyanın, habelə böyrək və dəri xərçənginin müalicəsində istifadə olunur. Lakin interferonun bilavasitə məhz şişə təsir göstərməsi üçün həkimlər onu elə böyük miqdarda təyin edirdilər ki, müəlicə əks təsir göstərirdi. Tədqiqatçılar vurğulamışlar ki, onların kəşf etdiyi metodla müalicə zamanı dərman fasiləsiz olaraq təbii yolla xəstə orqana təsir göstərir.
X X X
“STAYING ALIVE” REANİMATOLOQLAR ÜÇÜN
DƏRS VƏSAİTİDİR
Amerika həkimləri belə bir nəticəyə gəlmişlər ki, “Bee Gees” qrupunun 1977-ci ildə ifa etdiyi “Staying Alive” mahnısı klinik ölüm zamanı massaj üçün ideal ritm əsasında yazılmışdır.
Tədqiqatlar göstərir ki, musiqidə dəqiqədə 103 takt vurur, bu isə xəstənin həyatını xilas etmək üçün tövsiyə olunan döş qəfəsinin 100 dəfə sıxılmasına çox yaxındır.
Bu mövzuda elmi əsərin həmmüəlliflərindən biri Devid Metlok deyir ki, insanların əksəriyyəti zəruri ritmi tuta biləcəklərinə əmin olmadıqları üçün ürəyi massaj etməkdən çəkinir.
Onun fikrincə, reanimasiya metodundan düzgün istifadə xəstələrin həyata qaytarılmasını 3 dəfə artıra bilər.
İllinoys Universitetinin tibb kollecində aparılan eksperiment zamanı 15 həkim və tələbə manikenlərə “Staying Alive” musiqisinin sədaları altında ürək massajı etmişlər. Bir neçə həftədən sonra həmin prosedur musiqisiz təkrar olunmuşdur. Ancaq bu zaman icraçılar musiqini ürəklərində oxumuşlar.
Birinci halda döş qəfəsinə təzyiqlərin sayı dəqiqədə 109, ikinci halda 113 olmuşdur. Bu isə Amerika Ürək Xəstəlikləri Assosiasiyasının tövsiyə etdiyi normadan artıqdır. Metlokun fikrincə, hər halda, bu, təzyiqlərin normadan az olmasından yaxşıdır.
Həkim Vinaya Nadkaminin fikrincə, Amerika Ürək Xəstəlikləri Assosiasiyası artıq iki ildir bu mahnıdan reanimatoloqlar üçün tədris vəsaiti kimi istifadə edir.