TƏBABƏT YENİLİKLƏRİ
Cənubi Koreyada istehsal olunmuş və heyvanlarda QİÇS-in müalicəsi zamanı yaxşı ilkin nəticələr vermiş vaksinlərin klinika şəraitində xəstələrdə sınaqlarına artıq cari ilin aprelində başlana bilər. Məhsulların və dərman preparatlarının keyfiyyətinə nəzarət idarəsinin məmurları təsdiqləmişlər ki, Pxoxan Elmi-Texnoloji Universitetinin professoru Son Yen Çxol “Ci Eks-12” adlandırılan yeni dərmanın ölkə xəstəxanalarında sınaqlarının aparılması üçün müraciət edib və müsbət cavab alacağını inamla gözləyir.
Yeni vaksin cövhərdən ibarətdir və onun tərkibində insanın immunçatışmazlığı virusunun və interleykin-12 mutantının sintezləşdirilmiş genləri - insan orqanizminin qoruyucu funksiyalarını stimullaşdıran maddələr var.
Cənubi Koreya tibb alimlərinin bu ixtirası potensial surətdə təhlükəsiz və QİÇS-ə qarşı səmərəli bir vasitə kimi artıq dünyada müəyyən şöhrət qazanmışdır. Dezoksiribonuklein turşusunun (DNT) strukturunun insan DNT-si ilə 98,6 faiz uygun gələn şimpanze üzərində Birləşmiş Ştatlarda aparılmış sınaqların nəticələri ümid verir ki, bu vaksinin yaxşı nəticələr verəcəyinə ümid doğurur.
X x x
Təkcə stajlı siqaretçəkənlər yox, həm də bu zərərli vərdişə yenicə aludə olmağa başlayanlar indən belə Braziliya siqaretlərinin qutusuna nəinki əl vurmaq, hətta baxmaq belə istəməyəcəklər. Braziliyada buraxılan bütün siqaret qutularının üstündə “Səhiyyə nazirliyi xəbərdarlıq edir...” sözləri ilə yanaşı, nikotinin sağlamlığa necə ziyan vurduğunu göstərən rəngli fotoşəkillər də mütləq veriləcəkdir. Bu, qüvvəyə minmiş federal qanunun tələbidir.
Ağ ciyər xərçəngi, miokard infarktı, impotensiya, hamiləlik zamanı dölün inkişafında pozuntu halları. Bir var bütün bu xəstəliklərin mümkün fəsadları barədə mücərrəd məlumata malik olasan, biri də var ki, konkret zərərdidələrin fotoşəklini və ya xəstəliyə tutulmuş orqanları görəsən. Bundan əlavə, indi hər bir qutunun üstündə telefon nömrəsi yazılacaqdır, həmin nömrəyə pulsuz zəng vurmaqla bu zərərli vərdişdən daha asanlıqla necə can qurtarmaq barədə məsləhət almaq olar.
Tütün fabriklərinə isə öz məhsulunun adında “yüngül”, yəni ingiliscə “layt” və ya “bu siqaretin tərkibində nikotin və qətranlar azdır” sözlərindən istifadə etmək qadağan olunmuşdur. Bütün qutuların üstündə göstərilməlidir ki, qətranların və nikotinin sağlamlıq üçün təhlükəsiz səviyyəsi, sadəcə, mövcud deyildir. Qanunun bu tələblərinin yerinə yetirilməməsinə görə tütün məmulatı istehsalçılarını 600 min dollara qədər cərimə gözləyir, onların bütün “zərərsiz” məhsulu isə satışdan götürüləcəkdir.
Braziliyalılar bu yeniliyi bəyənirlər. Əlbəttə, siqaret hərisi olanları heç bir qorxulu fotoşəkillər dayandıran deyildir. Əvəzində, ola bilsin, gənclər, düşünəcəklər ki, öz səhhətinə könüllü surətdə zərər vurmağın mənası varmı. Statistika göstərir ki, siqaret çəkən braziliyalıların 90 faizi buna hələ 19 yaşına çatmamış alışmışdır. Latın Amerikasının bu ən böyük ölkəsində hər il 80 min adam siqaretin qurbanı olur.
X X X
Çinin şərqində yerləşən Anxoy əyalətinin paytaxtı Hefey şəhərində ölkədə ilk insan beyni bankı yaradılmışdır.
Hazırda 200 kvadratmetr sahəsi olan cərrahiyyə salonunda xüsusi soyuducularda ölümdən qabaq donorların vəsiyyət etdiyi qırx beyin nümunəsi saxlanılır.
Dünyada beyin nümunələrinin 20-dək “xəzinə”si var və onların əksəriyyəti ABŞ, Yaponiya, Kanada və Hollandiyadadır.
Çinin tibb mütəxəssisləri əvvəllər öz tədqiqatlarını xaricdən gətirilən beyin toxumaları üzərində aparırdılar. Onların dediklərinə görə, bu, insan irqlərinin xüsusiyyətlərinin müxtəlif olması beyin qabığı sahəsində elmin inkişafını ləngidirdi.
İndi bank başqa bir ciddi problemlə - bundan sonra beyin nümunələri əldə etməklə bağlı problemlə qarşılaşmışdır. Bu da təsadüfi deyildir, belə ki, ənənəvi Çin baxışlarına görə, insan öldükdən sonra onun bədəni toxunulmaz qalmalıdır.
İTAR-TASS-ın verdiyi xəbərə görə, hazırda Çin həkimləri beyinin vəsiyyət edilməsi üçün hüquqi əsas yaradan qanun və qərarlar qəbul olunması xahişi ilə hökumətə müraciət etmişlər.
X X X
İsrail alimlərinin apardıqları eksperimentlərin nəticələri göstərir ki, insanın keçirdiyi əsəb gərginliyi və güclü mənəvi sarsıntı onun genomunda dəyişikliklərə gətirib çıxara bilər.
İnsan oqranizmi sinir hüceyrələri - neyronlar şəbəkəsinə bürünmüşdür. Neyronlar beyinə hiss orqanlarından və daxili orqanlardan siqnallar verir, habelə əksinə, beyindən bədənin bütün hissələrinə əlaqə yaradır. Neyronun normal fəaliyyəti üçün orqanizmdə xüsusi zülallar əmələ gəlir ki, bunlar da sinir siqnallarının verilməsini təmin edir. İnsan güclü mənəvi zədə sarsıntı keçirdikdə onun genlərində dramatik dəyişikliklər baş verə bilər.
Bu tədqiqatın rəhbəri professor xanım Xermona Sorek ACNE adlı geni öyrənmişdir. Bu gen sinir siqnallarının verilməsinə məsul olan zülalların əmələ gəlməsinə nəzarət edir. Alimlər yəqin etmişlər ki, güclü əsəb gərginliyindən sonra bu gen formasını dəyişir. Bu kəşf İsrail alimlərinə belə qənaətə gəlməyə imkan vermişdir ki, əsəb gərginliyi və mənəvi sarsıntı fiziki zədələrdən heç də az təhlükəli deyil və orqanizmdə qarşısıalınmaz dəyişikliklərə gətirib çıxara bilər.
Güman edilir ki, bu tədqiqatların nəticələrinin həm nəzəri əhəmiyyəti olacaq, həm də praktikada, yəni posttravmatik əsəb sindromlu adamlar üçün dava-dərman istehsalında istifadə ediləcəkdir.