TƏBİƏT AVROPANI SINAĞA ÇƏKİR
Bakı, 21 dekabr (AZƏRTAC). Son vaxtlar Avropada qeyri-sabit hava şəraiti hökm sürməkdədir. Təbiət sərt üzünü göstərdiyi bir vaxtda bəzi ölkələrin mövsümə hazır olmaması ucbatından ciddi problemlər yaranmışdır. İtaliyanın demək olar ki, bütün regionları qar örtüyünə bürünmüşdür. Pis hava şəraiti səbəbindən Liquriya sahilindəki Genuya şəhərinin aeroportu bir neçə saatlığa bağlanmışdır. Florensiyanın yolları buz bağlamışdır. Ölkənin şimalındakı Trentino və Veneto vilayətlərinin dağlıq ərazilərində temperatur mənfi 27 dərəcə olmuşdur. İtaliyanın mərkəzi vilayətləri Toskana, Umbriya, Aburutso və Marke vilayətlərində sərt soyuqlar düşmüşdür. Cənub rayonlarında təbii fəlakət ucbatından kiçik adalarla dəniz əlaqəsi kəsilmişdir.
Almaniyada isə güclü qar Frankfurt və Düsseldorf şəhərlərindəki aeroportların işini iflic vəziyyətinə salmışdır. Frankfurtda 50 reys ləğv edilmiş, 15 reys üzrə uçan təyyarələr isə Münxen və Ştutqart aeroportlarına yönəldilmişdir. Aeroportların bütün qartəmizləmə texnikası fövqəladə rejimdə işləyərək, enmə-qalxma zolaqlarını məhdud rejimdə uçuş üçün yararlı hala salmaqla məşğuldur.
Çexiya Respublikasından verilən məlumatda 10 nəfərin donvurmadan həyatını itirdiyi bildirilmişdir. Burada da temperatur mənfi 27 dərəcəyə enmişdir. Yerli hakimiyyət orqanları və humanitar təşkilatlar evsiz-eşiksiz insanlara kömək üçün əllərindən gələni etməyə çalışırlar. Polisin məlumatına görə, təkcə Praqada 2 mindən 5 minədək evsiz adam vardır. Tibb işçiləri havaların kəskin dəyişməsini ürək-damar xəstəlikləri olanlar üçün ciddi problemlər yaradacağı barədə xəbərdarlıq etmişlər. Sinoptiklərin proqnozuna görə, şaxtaların dekabrın 22-dək davam edəcəyi gözlənilir.