Təbii fəlakət Gürcüstanda ciddi problemlər yaradıb
Tbilisi, 21 avqust, AZƏRTAC
Gürcüstan ərazisində yağan aramsız leysan yağışları Kvemo Svaneti bölgəsində ciddi problemlər yaradıb.
Laskadura çayının məcrasından çıxması nəticəsində Lantexi bələdiyyəsi ərazisində 5 kəndlə quru əlaqəsi tam kəsilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Lantexi meriyasından məlumat veriblər.
Bildirilib ki, güclü sel suları avtomobil və piyada yollarını, habelə 3 körpünü dağıdıb. Bəzi evlərin birinci mərtəbələrinə su dolub, əkin sahələri su altında qalıb.
Əhali ilə yalnız mobil rabitə ilə əlaqə saxlanılır.
Merin sözlərinə görə, əgər vəziyyət belə davam edərsə əhali təbii fəlakət zonasından təxliyə olunacaq.
Gürcüstanda isə hava şəraitinin daha da pisləşəcəyi barədə məlumat verilib.
Gürcüstanın Ətraf Mühit Milli Agentliyinin məlumatına görə, avqustun 21-də günün ikinci yarısından başlayaraq ölkə ərazisində güclü yağışlar yağacaq və dolu düşəcək.
Meteoroloqlar güclü külək əsəcəyi və Qara dəniz sahillərində 2-3 ballıq qasırğa olacağı, həmçinin dağlıq bölgələrdə torpaq sürüşməsinin aktivləşəcəyi barədə xəbərdarlıq ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi