İQTİSADİYYAT
Təbii qazdan istifadə qaydalarının pozulmasının qarşısı alınır
Bakı, 8 sentyabr (AZƏRTAC). “Azəriqaz” İstehsalat Birliyi (İB) təbii qazdan istifadə qaydalarının pozulmasının qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.
İB-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, yanvar-iyul ayları ərzində təbii qazdan istifadə qaydalarının pozulmasına görə 16 min 703 istehlakçıya müvafiq akt tərtib olunmuş və itirilmiş 33 milyon 866 min 770 kubmetr həcmində təbii qaza görə dəymiş ziyan hesablanmışdır. Ziyanın məbləği 3 milyon 386 min 677 manat təşkil edir.
Yanvar-iyul ayları ərzində qeyri-əhali qrupundan olan 1440 istehlakçısı abonent bazasında qeydiyyata alınmışdır.
Həmin dövrdə abonentlərin qaz sayğaclarının texniki vəziyyəti haqqında verilmiş 7 min 64 ədəd rəyin icrası ilə bağlı tədbirlər görülmüş, habelə 1896 abonentə itirilmiş təbii qazın bərpası ilə əlaqədar dəymiş ziyan hesablanmış, istifadəyə yararsız olan 3 min 604 sayğacın dəyişdirilməsi barədə qaz istismarı sahələrinə tapşırıq verilmişdir.