TƏBRİZ TRAKTOR ZAVODU İLƏ TANIŞLIQ
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 26-da İranın ən böyük sənaye müəssisələrindən olan Təbriz traktor zavoduna gəlmişdir. Burada dövlətimizin başçısını, habelə xanımı Mehriban Əliyevanı böyük hörmətlə və səmimiyyətlə, gül-çiçəklə qarşıladılar.
Zavodda keçirilən görüşdə bildirildi ki, müəssisə traktorlar, müxtəlif kənd təsərrüfatı avadanlığı istehsalı ilə məşğul olur. Onun məhsulları onlarca ölkəyə ixrac edilir. Bu il zavodda 15 min traktor istehsal edilməsi nəzərdə tutulur.
Azərbaycan Prezidenti İlham Əliyev bu iri istehsal müəssisəsində olmasından məmnunluğunu bildirdi.
Sonra dövlətimizin başçısı zavodun ayrı-ayrı sexlərində istehsal prosesləri ilə tanış oldu, müəssisədə buraxılan kənd təsərrüfatı maşın və mexanizmlərinə baxdı, traktorlardan birinin sükanı arxasında əyləşdi.
X X X
Zavodla tanışlıqdan sonra Təbrizin “El gölü” mehmanxanasında Şərqi Azərbaycan əyalətinin valisi Məhəmmədəli Sübhanullahinin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə ziyafət verildi.