TƏBRİZ TRAKTOR ZAVODU İLƏ TANIŞLIQ
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 26-da İranın ən böyük sənaye müəssisələrindən olan Təbriz traktor zavodunda olmuşdur. Burada dövlətimizin başçısını, habelə xanımı Mehriban Əliyevanı böyük hörmətlə və səmimiyyətlə, gül-çiçəklə qarşıladılar.
Binanın üzərindən “Dost və qardaş ölkənin, Azərbaycan Respublikasının hörmətli Prezidenti İlham Əliyev və nümayəndə heyəti, zavodumuza xoş gəlmisiniz!” sözləri yazılmış transparant asılmışdı.
Zavodda keçirilən görüşdə bu iri istehsal müəssisəsinin direktoru Möhsün Xadim Ərəbbaği Prezident İlham Əliyevin və Azərbaycan nümayəndə heyətinin zavoda gəlməsindən 8 minlik kollektivin böyük məmnunluq duyduğunu bildirdi.
Dövlətimizin başçısına məlumat verildi ki, müəssisə traktorlar, kənd təsərrüfatı üçün müxtəlif maşın və mexanizmlər istehsalı ilə məşğul olur. Bu il zavodda 15 min traktor istehsal edilməsi nəzərdə tutulur. Qarşıdakı iki il ərzində bu rəqəm 50 minə çatdırılacaqdır. Zavod öz məhsulları ilə həm İranı təmin edir, həm də 30-dan çox ölkəyə, ən çox isə Afrika ölkələrinə ixrac edir. Müəssisənin illik gəliri 100 milyon dollardan çoxdur.
Azərbaycan Prezidenti İlham Əliyev bu iri istehsal müəssisəsində olmasından məmnunluğunu bildirdi, fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.
Sonra dövlətimizin başçısı zavodun ayrı-ayrı sexlərində istehsal prosesləri ilə tanış oldu, müəssisədə buraxılan kənd təsərrüfatı maşın və mexanizmlərinə baxdı, traktorlardan birinin sükanı arxasında əyləşdi.
X X X
Zavodla tanışlıqdan sonra Təbrizin “El gölü” mehmanxanasında Şərqi Azərbaycan əyalətinin valisi Məhəmmədəli Sübhanullahinin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə ziyafət verildi.