SİYASƏT
TƏBRİZDƏ HEYDƏR ƏLİYEVİN ƏZİZ XATİRƏSİ EHTİRAMLA YAD EDİLMİŞDİR
Tehran, 12 dekabr (AZƏRTAC). Azərbaycan Respublikasının Təbrizdəki Baş konsulluğunda ümummilli lider Heydər Əliyevin vəfatının altıncı ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir.
Mərasimdə İran İslam Respublikası Xarici İşlər Nazirliyinin idarə rəisi Yaqubi, Təbriz şəhərinin fərmandarı Çəməni, Culfa (İran) şəhərinin başçısı Rəncbəri, Türkiyənin Təbrizdəki baş konsulu Atala, konsulluğun əməkdaşları, şəhər ictimaiyyətinin tanınmış nümayəndələri və başqaları iştirak etmişlər.
Ulu öndərin ruhuna dualar, "Qurani-Kərim"dən surələr oxunmuşdur.
Baş konsul Ayxan Süleymanov xalqımızın böyük oğlu Heydər Əliyevin yarım əsrə yaxın dövrü əhatə edən siyasi fəaliyytətinin uğurlu nəticələrindən danışmışdır. Demişdir ki, ulu öndərimizin uzaqgörən və məqsədyönlü siyasəti sayəsində Azərbaycanda müasir tələblərə cavab verən elm və təhsil sistemi yaranmış, sənaye inkişaf etmiş, aqrar sahədə köklü islahatlar aparılmış, iqtisadiyyatın bütün sahələrində
məhsuldarlıq artmış, beynəlxalq aləmdə ölkəmizin nüfuzu yüksəlmişdir. Təsadüfi deyildir ki, Azərbaycan məhz Heydər Əliyevin hakimiyyətə gəlişindən az sonra keçmiş sovetlər birliyində sürətlə tanınmağa başlamış, tədricən bu sərhədlər genişlənərək Şərqi Avropa ölkələrini əhatə etmiş və dünya birliyi məkanında özünə layiqli yer qazanmaq imkanları əldə etmişdir.
Azərbaycan ilə İran arasında mehriban qonşuluq və dostluq münasibətlərinin formalaşmasında Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışan A.Süleymanov demişdir ki, ulu öndərimiz regionda uzunmüddətli sülhün və əmin-əmanlığın yaranması üçün böyük səylər göstərmiş, tarixi əhəmiyyətli nəticələr əldə etmişdir. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Mərasimdə ehsan süfrəsi açılmışdır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbir
Təbriz