CƏMİYYƏT
Tədqiqat: Demək olar ki, hər dörd COVID-19 xəstəsindən birində post-COVID sindromu müşahidə edilir
Bakı, 21 iyul, AZƏRTAC
Demək olar ki, COVID-19 diaqnozu qoyulan hər dörd xəstədən birində “uzunmüddətli COVID” adlanan, yəni 12 həftə və ya daha çox davam edən simptomları olan post-COVID sindromu müşahidə olunur. AZƏRTAC xəbər verir ki, bu barədə “Scientific Reports” jurnalında amerikalı alimlərin dərc olunmuş yeni tədqiqatında deyilir.
Cənubi Kaliforniya Universitetinin alimlərinin rəhbərliyi ilə aparılan tədqiqatda ölkənin hər yerindən təxminən 8000 insan iştirak edib. Onlar 2020-ci ilin mart ayından 2021-ci ilin mart ayına qədər iki həftədən bir ümumi sağlamlıq vəziyyəti və COVID-19 simptomları ilə bağlı sualları cavablandırıblar.
Tədqiqatda deyilir ki, COVID-19-dan əvvəlki sağlamlıq vəziyyəti nəzərə alınaraq, iştirakçıların təxminən 23 faizi yoluxma zamanı 12 həftədən çox davam edən yeni simptomların ortaya çıxdığını bildirib.
Bundan başqa, alimlər yoluxma zamanı insanlar piylənmə, saç tökülməsi, baş ağrıları və ya boğaz ağrısı keçirdikləri təqdirdə post-COVID sindromunun olma ehtimalının əhəmiyyətli dərəcədə yüksək olduğunu aşkar ediblər.
“Uzunmüddətli COVID-19 ictimai səhiyyə üçün ciddi problemdir. İyirmi üç faiz çox yüksək yayılmadır və milyonlarla insanı əhatə edə bilər”, - deyə Cənubi Kaliforniya Universitetinin Leonard Davis Gerontologiya Məktəbinin doktorantı, tədqiqat müəllifi Tsao U. bildirib.
"Bu xəstəliyin yayılması, davam edən simptomlar və risk amilləri haqqında əlavə biliklər tibb işçilərinə post-COVID sindromu olan insanların normal həyata qayıtmasına kömək etmək üçün resurslar və xidmətləri bölüşməyə kömək edə bilər", - deyə Tsao U. qeyd edib.