ELM VƏ TƏHSİL
Tədris keyfiyyətinin yüksəldilməsi üçün mentorluq sisteminin yaradılması barədə müzakirələr aparılıb
Təhsil Problemləri İnstitutu beynəlxalq əməkdaşlıq və informasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Təhsil Nazirliyi nümayəndələrinin və pedaqoqların iştirak etdikləri tədbirdə
TPİ-nin direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov müasir dünyada təhsilin mühüm rolundan danışıb, tədbirin əhəmiyyətini vurğulayıb.
Müvafiq layihə rəhbəri, TPİ-nin əlavə təhsilin kurikulumu şöbəsinin müdiri, Təhsil Nazirliyinin Milli Qiymətləndirmə üzrə məsləhətçisi Afaq Əliyeva bildirib ki, “Fənn kurikulumlarının tətbiqi ilə bağlı sorğuların və müşahidələrin aparılması” və “Tədris keyfiyyətinin yüksəldilməsi üçün mentorluq sisteminin yaradılması” mövzusunda layihələrlə bağlı tədqiqatlar aparılıb.
Müvafiq sahədə reallaşdırılan tədbirlərin əhəmiyyətindən bəhs edən A. Əliyeva qeyd edib ki, ibtidai təhsil mərhələsi və V-VI siniflərdə dərs deyən fənn müəllimlərinin fəaliyyətini əhatə edən, tədris prosesinin təşkili, dərsliklərdən və əlavə materiallardan, İKT-dən istifadə vəziyyəti, şagird nailiyyətlərinin qiymətləndirilməsi və s. əks olunan sorğu anketləri müəllimlər tərəfindən cavablandırılıb.
Fənn kurikulumlarının tətbiqi və bu sahədə görülmüş işlər haqqında məlumat verilib.
Tədris keyfiyyətinin yüksəldilməsi üçün mentorluq sisteminin yaradılması barədə geniş müzakirələr aparılıb.
A. Əliyeva qeyd edib ki, Təhsil Nazirliyi ilə razılaşdırılaraq seçilmiş altı məktəbdə əməkdaşlıq məqsədilə ilk olaraq məktəb rəhbərləri və fənn kurikulumlarını tətbiq edən müəllimlərlə görüşlər təşkil olunub. Hər məktəbdə iki nəfər mentor fəaliyyətə başlayaraq hər biri iki müəllimi mentor sisteminin yaradılması üçün əməkdaşlığa cəlb edib.
Digər çıxış edənlər də mövzularla bağlı fikirlərini bildiriblər.