İQTİSADİYYAT
Tehranda İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının XXI iclası keçirilmişdir
Tehran, 26 noyabr (AZƏRTAC). Noyabrın 26-da Tehranda İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının XXI iclası keçirilmişdir.
İclası giriş sözü ilə açan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İƏT Nazirlər Şurasına sədrliyin növbəlilik prinsipi əsasında Azərbaycandan İrana keçdiyini bildirmişdir.
E.Məmmədyarov İƏT-in son illər əldə etdiyi uğurlardan danışaraq bildirmişdir ki, ticarət və sərmayələr axınının, kommersiya əlaqələrinin və regionlararası nəqliyyat infrastrukturunun inkişafının artması ilə regional inteqrasiya səylərinin dərinləşməsinin müşahidə olunması məmnunluq doğurur.
Nazir bildirmişdir ki, regional infrastrukturun inkişafı əməkdaşlığa dair gündəliyimizin prioritet məqsədi olmalıdır. İƏT, xüsusilə dəmir yolu xətlərinin və onunla bağlı digər infrastrukturun modernləşdirilməsini, habelə ümumi dəmir yolu şəbəkəsinin yaradılmasını, onun Avropa və Yaxın Şərq dəmir yolu şəbəkələri ilə əlaqələndirilməsini hədəf seçməlidir. Regional əhəmiyyət daşıyan və inşa olunan dəmir yolu xətlərinin, o cümlədən Qəzvin-Rəşt-Astara (İran) –Astara (Azərbaycan) dəmir yolunun icrasının erkən tamamlanması region ölkələri üçün yeni cəlbedici tranzit imkanları yaradacaqdır. Bu mənada Azərbaycan tərəfi bu yaxınlarda iclası keçirilmiş yüksək səviyyəli işçi qrupun fəaliyyətini alqışlayır və ümid edir ki, belə görüşlər səmərəli nəticələrin əldə olunması baxımdan faydalı platforma rolunu oynayacaqlar.
Azərbaycanın İƏT-in səmərəli quruma çevrilməsi üçün təşkilatda islahatların aparılması prosesini dəstəklədiyini vurğulayan nazir ölkəmizin son illərdə müxtəlif sahələrdə əldə etdiyi uğurlardan da danışmışdır.
E.Məmmədyarov demişdir: “İƏT çərçivəsində qarşılıqlı əməkdaşlığın mövcud mexanizmlərini inkişaf etdirmək üçün kreativ yolların və vasitələrin tapılmasının həm regiondaxili, həm də regional səviyyədə inteqrasiya proseslərini sürətləndirəcəyinə ümid edirik. Bu, həmçinin təşkilatımızın hazırkı fəaliyyətini də gücləndirəcəkdir”.
Azərbaycan xarici siyasət idarəsinin rəhbəri demişdir ki, ki, hər bir üzv dövlətin təhlükəsizliyi və sabitliyi digər üzv dövlətin təhlükəsizliyi ilə sıx bağlıdır. Həll edilməmiş münaqişələri tənzimləmədən və regionda təhlükəsizlik və sabitliyi təmin etmədən İƏT hərtərəfli regional əməkdaşlıqdan tam şəkildə faydalana bilməyəcəkdir. Nazir əlavə etmişdir ki, Cənubi Qafqaz həll edilməmiş münaqişələrdən əziyyət çəkən bir regiondur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ də əsas qeyri-sabitlik mənbəyi, regional inkişafa və tammiqyaslı əməkdaşlığa mane olaraq qalmaqdadır. Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı bərpa ediləndən sonra regionda hər bir tərəf üçün qarşılıqlı faydalı inkişaf şəraiti yarana bilər.
İclasda çıxış edən İran Prezidenti Həsən Ruhani İqtisadi Əməkdaşlıq Təşkilatının fəaliyyətinin genişləndirilməsinin üzv dövlətlərə verə biləcəyi faydadan danışmışdır.
Sonda Nazirlər Şurasının hesabatı təsdiqlənmiş və Tehran Kommunikesi qəbul edilmişdir.
Kommunikedə Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının İqtisadi Tədqiqat Mərkəzinin yaradılması və onun Nizamnaməsinin təsdiqi məsələsi də əksini tapmışdır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran